Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub |
14-17 iyul 2018-ci il tarixlərdə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub. Yay məktəbinin ilk günü səhər istirahət mərkəzinə yola düşən Naxçıvan Dövlət Universitetinin tələbələri otaqlara yerləşdirilmiş və ərazi ilə tanış olmuşlar.
Məktəb iştirakçıları “Xəmsə” Milli İntellektual və “Oxunması zəruri olan kitablar” əsasında hazırlanan Nə? Harada? Nə zaman? oyunları ilə öz biliklərini sınamış, voleybol, futbol və stolüstü idman oyunları oynamışlar. Yay məktəbi müddəti gənclər “Girdab”, “Əhməd haradadır” bədii filmlərinə və aprel döyüşlərindən bəhs edən sənədli filmə baxmışlar.
İstirahət müddəti gənclərin “Şəfa” bulağına, Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil edilmiş, gənclər Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri tərəfindən verilən konsert proqramında iştirak etmişlər. Müsabiqənin sonuncu günü məktəb iştirakçıları arasında fotomüsabiqə keçirilmiş, yay məktəbində fəal iştirak edən və keçirilən yarışlarda qalib olan iştirakçıların fəxri fərmanlarla mükafatlandırılması olmuş, həmçinin Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak etmiş gənclərə sertifikatlar təqdim edilmişdir. Günün sonunda gənclər Naxçıvan şəhərinə yola düşmüşlər.
İştirakçıların istirahət müddəti ərzində sağlamlıqlarının qorunması və onlara ilkin tibbi yardımın göstərilməsi məqsədi ilə bir nəfər həkim də yay məktəbində iştirak etmişdir. Qeyd edək ki, 19-22 iyul 2018-ci il tarixlərdə Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün Yay məktəbi təşkil olunacaqdır. |
|