Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



Karate-do Federasiyasında yığıncaq keçirilmişdir


       Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan Karate-di Federasiyasının sədri Fazil Ələkbərov gündəlikdə duran məsələlərlə bağlı məlumat vermişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyevin 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilmişdir.

Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda, gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına, o cümlədən Karate-do Federasiyasına bir sıra tapşırıqlar verilmişdir.

Azad Cabbarov vurğulamışdır ki, 2002-ci ildə yaradılan Karate-do Federasiyası idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi sahəsində işləri günün tələbləri səviyyəsində qurmamış, muxtar respublikada yaradılan şəraitdən və infrastrukturun imkanlarından düzgün istifadə etməyi bacarmamış, muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olmuşdur. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının strukturunun yenidən formalaşdırılması bu idman növünün muxtar respublika rəhbərinin daim diqqətində olduğunu göstərdi. Yeni yaradılan strukturun uğurlu fəaliyyəti nəticəsində federasiya öz işini daha da təkmilləşdirmiş və gələcək uğurlar üçün stimul yaratmışdır. Son iki ildə Naxçıvan karateçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdən ötən illərlə müqayisədə daha uğurlu nəticələr əldə etmiş, 2018-ci il ərzində ölkə və beynəlxalq səviyyəli yarışlarda 40 medal qazanmışlar. Muxtar respublikamızın şəhər və rayonlarında ötən il ərzində 21 qrupda 600-dən artıq idmançı 14 məşqçi-müəllim tərəfindən bu idman növünün sirlərini öyrənmişlər. Hesabat ilinin avqust ayında “Araz” İdman Klubunun rəhbəri Sivavuş Bayramov müəyyən müddətə muxtar respublikamıza dəvət olunmuş, federasiyanın yeniyetmə və gənc idmançılarına seminarlar keçmiş, onların bu sahədə bilik və bacarıqları yoxlanılmışdır.

Nazir çıxışının sonunda qeyd etmişdir ki, həyata keçirilmiş tədbirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulamışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman və gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında ulu öndər ideyalarının ən sadiq təəssübkeşi cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturu yaradılaraq, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir.

Fazil Ələkbərov qeyd etmişdir ki, muxtar respublikada müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasının hamısına hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılmışdır. Karate-do federasiyası bu qayğıdarı bəhrələnərək 2018-ci ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. Karate-do federasiyasının tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında, 3 klub və 21 karate bölməsi fəaliyyət göstərir. Həmin klublardan 2016-cı ilin əvvəlində yaradılmış “Nəqşicahan karate-do qızlar idman klubu”nun fəaliyyəti 2018-ci ildə daha da genişləndirilərək Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında əlavə qız bölmələri açılmışdır. 2018-ci ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 2 qızıl, 1 gümüş və 3 bürünc medal qız idmançıların payına düşür. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olan 600 nəfərədək uşaq, yeniyetmə və gənclərdən 100 nəfəri qız idmançılardır. Federasiya ötən il ərzində Karate-do idman növünün inkişaf etdirilməsi və kütləviliyə nail oluıması istiqamətində bir sıra işlər görmüşdür. Belə ki, 2018-ci ildə Karate-do Federasiyası tərəfindən muxtar respublikada müxtəlif birinciliklər təşkil olunmuş və bu yarışlarda yaxşı nəticə göstərən istedadlı idmançılar seçilərək yığma komandanın tərkibinə daxil edilmişdir. Bununla yanaşı idmançıların ölkə səviyyəli və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir.

Diqqətə çatdırılmışdır ki, ümumilikdə, 2018-ci ildə karata-do idman növü üzrə idmançılar 13 beynəlxalq, 7 ölkə və 10 muxtar respublika birinciliklərində qüvvələrini sınamışlar. 2018-ci il ərzində federasiyanın idmançıları 87 medal qazanmışdır ki, onlardan 35-i beynəlxalq, 5-i ölkə daxili yarışlarda, 47-si isə muxtar respublikada keçirilən açıq çempionatda əldə olunmuşdur. Bundan əlavə avqust ayında Azərbaycan Karate-do Federasiyasının tanınmış məşqçi və müəllimləri muxtar respublikaya dəvət olunaraq Naxçıvan Muxtar Respublikasının məşqçi-müəllim və idmançıları ilə seminar-treninqlər keçirilmişdir. Federasiyanın 1 idmançısı ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə etdiyinə görə cənab Ali Məclisin Sədri tərəfindən qiymətli mükafatla təltif edilmişdir.

Federasiya sədri Fazil Ələkbərov bildirmişdir ki, karate-do federasiyası idmanın inkişafının sağlam gəncliyin formalaşmasında vacib rolunu əsas tutaraq, bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.

Fazil Ələkbərov rayonlarda federasiyanın bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirlərini dinləmiş, tapşırıqlarını vermişdir.

Yığıncaqda federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi oxumuş və təsdiq olunmuşdur.

Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılmışdır.

Yığıncağa yekun vuran Karate-do Federasiyasının sədri Karate-do Federasiyasının məşqçi və idmançıları adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
03.01.2019

Поделиться