Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



Basketbol Federasiyası 2018-ci ili uğurla başa vurub


       Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən Basketbol Federasiyasının sədri Mahir Əliyev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı baksetbol idman növünə də xüsusi önəm verilir. Federasiyanın təqvim planı hazırlanıb, qruplar yaradılıb, onlarda təcrübəli oyuncuların iştirakları təmin edilib. Muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur, Sədərək, Kəngərli rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla ümummilikdə 12 komanda fəaliyyət göstərir. Ötən il federasiyanın nümayəndələri şəhər və rayonlarda məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, məşqlər aparılan zallara baxışlar keçirilərək idmançıların tələb və təklifləri dinlənilib, qruplar idman ləvazimatları ilə təmin edilib. Hazırda fəaliyyət göstərən qız və oğlan qruplarında 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur.

Keçirilən yarışlar və tədbirlər barədə məlumat verən Mahir Əliyev vurğulayıb ki, adıçəkilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlara əsasən Baksetbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasının daim diqqətdə saxlamalıdır. Gələcəkdə də federasiya Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində quracaq, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görəcək və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yığıncaqda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında yüksək səviyyəli idman infrastrukturunun yaradılması, idmanda kütləviliyin təmin olunması, nüfuzlu idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda medallar qazanması Naxçıcvanı idman məkanı kimi tanıdıb. Muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda, gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə, Gənclər və İdman Nazirliyi muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir.

Nazir qeyd edib ki, muxtar respublikamızda 2245 idmançı 171 qrupda basketbol idman növü ilə məşğuldur. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Basketbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunan “Heydər Əliyev Kuboku” uğrunda 2001-2002-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika turniri və digər komandalar arasında yoldaşlıq görüşləri keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri təşkil olunub.

Azad Cababrov çıxışının sonunda həyata keçirilən tədbirlərin nazirlik və Basketbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, 2018-ci il dekabrın 10-da keçirilən müşavirədə qarşıya qoyulan tələb və tapşırıqların layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Sonra Ali Məclisin Sədri tərəfindən 2018-ci ildə mükafata layiq görülən Culfa rayon komandasının məşqçisi Yasin İbrahimov çıxış edərək əməklərinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.

Yığıncaqda Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.

Yığıncağa yekun vuran Basketbol Federasiyasının sədri məşqçi-müəllimlər və idmançıları adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
06.02.2019

Поделиться