Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



Növbəti yığıncaq Hava və Ekstremal İdman Növləri
Federasiyasında keçirilib


       Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə açan Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mayis Əliyev bildirib ki, geniş qayğı ilə əhatə olunmuş sahələrdən biri də Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasıdır. Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq geridə qalan il ərzində müxtəlif idman növləri üzrə yarışlar keçirilib ki, bu yarışlarda ümumilikdə 861 nəfər idmançı, 61 məşqçi və 21 hakim iştirak edib. Bunlardan da 250 nəfərə yaxını qız idmançılardır. Hazırda federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir və 2018-ci ildə Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Şərur, Kəngərli, Şahbuz və Sədərək rayonlarının birincilikləri də təşkil olunub. Bu yarışlarda ümumilikdə 710 idmançı mübarizə aparıb.

Mayis Əliyev diqqətə çatdırıb ki, il ərzində federasiyanın dəvəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növləri üzrə məşqçi-təlimçisi muxtar respublikamıza dəvət olunub. Təlim-məşq toplantılarında federasiyanın “İlandağ”, “Qapıcıq” idman klubları və 10 komandanın üzvündən ibarət 221 nəfər idmançı iştirak edib. Muxtar respublikamızın təbii relyef şəraiti burda bir sıra ekstremal idman növlərinin inkişafı üçün əlverişlidir. Bu isə nəinki yerli, hətta xarici ölkə idmançıları üçün də cəlbedicidir. Hesabat ilinin 24 fevral tarixində Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu federasiyasının “İlandağ” idman klubunun 11 idmançısı ilə birlikdə Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün İlandağa yürüş ediblər.

Federasiya sədri qeyd edib ki, federasiyanın infrastrukturuna daxil olan dırmanma divarında mövcud olan nöqsanlar aradan qaldırılıb, təmir işləri aparılıb. Bu isə imkan verəcək ki, növbəti mövsüm səmərəli yarışlar təşkil olunsun. 10 dekabr 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclis Sədrinin proqram xarakterli çıxışında göstərilən iradlar və verilən tapşırıqları əsas götürərək çalışacağıq növbəti ildə federasiyanın ətrafında cəmləşən gənclərin sayını genişləndirək, onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif maraqlı yarışlar təşkil edək. Mayis Əliyev yaradılan hərtərəfli şəraitə, göstərilən qayğıya görə federasiyanın məşqçi və idmançıları adınadan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədovun 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib.

Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Verilən tapşırıqlara əsasən Hava və Ekstremal İdman Növləri Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir. Muxtar respublikada idman yarışlarının, xüsusən də ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsini, həmçinin, Azərbaycanın iştirak etdiyi beynəlxalq səviyyəli yarışlarda muxtar respublika idmançılarının iştirakını təmin etməlidir.

“2018-ci ildə nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirib və Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya çempionatlarından 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 195 medal qazanıblar” – deyən nazir vurğulayıb ki, bunlara baxmayaraq, 28 mart 2013-cü il tarixdə yaradılan Hava və Ekstrtemal İdman Növləri Federasiyası hələ də işini günün tələblərinə uyğun qurmayıb, yaradılan şəraitdən və infrastrukturun imkanlarından düzgün istifadə etməyib. Federasiya il ərzində idmançıların Azərbaycan və Beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olub. Federasiyada peşəkar məşqçi müəllimlərin və idmançıların hazırlanması işi aparılmayıb.. Bunun nəticəsidir ki, federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Peşəkar məşqçi-müəllim və idmançıların olmaması federasiyanın muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olub. Federasiyalarda işin gücləndirilməsi və verilən tapşırıqların icrası istiqamətində tədbirlərin görülməsi tövsiyyə olunub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası öz strukturunu yenidən formalaşdırıb, federasiya sədri vəzifəsindən uzaqlaşdırılıb.

Yığıncaqda federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi oxunub.

Sonra Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.01.2019

Поделиться