Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



İntellektual Oyunlar Olimpiadasının Şərur rayon birinciliyi keçirilmişdir


       11 mart 2019-cu il tarixdə Şərur rayon “Bahar” kinoteatrı və Şahmat məktəbində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Şərur rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov çıxış edərək keçirilən oyunların mahiyyəti haqqında məlumat vermiş və bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına əsasən il ərzində bir sıra intellektual oyunların, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün də keçirilən Olimpiadanın Şərur rayon birinciliyi həmin Tədbirlər Planına əsasən təşkil olunmuşdur. Qeyd edilmişdir ki, Olimpiadanın keçirilməsində məqsəd yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütələviliyini təmin edilməsidir. Muxtar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək olimpiadanın Naxçıvan Muxtar Respublika birinciliyi aprel ayında təşkil olunacaqdır. Olimpiada çərçivəsində yarışlar “Xəmsə” Milli İntellektual Oyunu, “Poliqon” Strateji İntellekt Oyunu və “Vətəni tanı” İntellektual Oyunu üzrə vahid turnir şəkilində keçirilmişdir.

“Xəmsə” Milli İntellektual Oyununun yekun nəticələrinə görə Şərur şəhər 2 №-li tam orta məktəbin “Günnüt” komandası I yerə, Tumaslı kənd tam orta məktəbin “Araz” komandası II yerə, Aralıq kənd tam orta məktəbin “Arpaçay” komandası III yerə çıxmışdır.

“Poliqon” Strateji İntellekt Oyununda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Siyaqut kənd tam orta məktəbin “Şuşa” komandası I yerə, Oğlanqala kənd tam orta məktəbin “Uğur” komandası II yerə, Qarxun kənd tam orta məktəbin “Turan” komandası III yerə çıxmışdır.

“Vətəni tanı” İntellektual Oyununda pazl şəkilində olan Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Dizə kənd tam orta məktəbin “Qapıçıq” komandası I yerə, Yuxarı Yaycı kənd tam orta məktəbin “Yaycı” komandası II yerə, Zeyvə kənd kənd tam orta məktəbin “Zirvə” komandası III yerə çıxmışdır.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur. Gənclər və İdman Nazirliyinin, Təhsil Naziliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiadada 60-dan artıq yeniyetmə iştirak etmişdir. Qeyd edək ki, Olimpiadada qalib olmuş komandalar aprel ayında keçiriləcək muxtar respublika birinciliyində Şərur rayonunu təmsil edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
11.03.2019

Поделиться