Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



“Vətən naminə” hərbi-idman oyunu keçirilmişdir


       13 mart 2019-cu il tarixdə Naxçıvan Atıcılıq Mərkəzində, “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində və N saylı hərbi hissənin idman şəhərciyində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilmişdir.

Əvvəlcə Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirmişdir ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb.

Bu gün muxtar respublikada uğurla həyat keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasıdır. Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi son dövrlərdə xeyli yüksəlib. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib.

Bu sahədə məktəblərdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir. Gənclər və İdman Nazirliyi tərəfindən gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə mütəmadi olaraq tarixi günlərlə əlaqədar inşa yazı, şeir, rəsm müsabiqələri, yeniyetmə və gənclərin tarixi abidələrə ekskursiyaları təşkil olunur, məktəblilər arasında “Şahin”, “Sərhəd” hərbi-idman oyunları keçirilir.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Vətən naminə” hərbi-idman oyununun da məqsədi gənclərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Daha sonra Əlahiddə Ümumqoşun Ordu komandirinin müavini, general-mayor Teymur Eyyubov çıxış edərək hərbi-idman oyunun keçirilməsinin mahiyyəti haqqında məlumat vermiş və komandalara uğurlar arzulamışdır. “Vətən naminə” hərbi-idman oyunu “Darağa patron doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açılması”, “Fiziki hazırlıq” (“100 metr məsafəyə qaçış”, “Turnikdə dartınma”), “Maneələrin dəf olunması” mərhələlərindən və Peyntbol yarışından ibarət olmuşdur.

Sonda hakimlər heyəti tərəfindən hər bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə etdiyi ballar cəmlənərək onluq dəqiqliyi ilə hesablanmış qalib komandalar müəyyən olunmuşdur. Nəticələrə əsasən Naxçıvan Dövlət Texniki Kollecinin "Zirvə" komandası I yerə, Naxçıvan Dövlət Universitetinin "Naxçıvan" komandası II yerə, "Naxçıvan" Universitetinin "İstiqlal" komandası III yerə çıxmışlar. Qalib komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunmuşlar.

Ümumilikdə 130 nəfərə yaxın gəncin iştirak etdiyi hərbi-idman oyunu Gənclər və İdman Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.03.2019

Поделиться