Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



“Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilmişdir


       14 mart 2019-cu il tarixdə Naxçıvan şəhər 11 №-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilmişdir.

Oyun başlamazdan əvvəl uşaqlarının iştirakı ilə “Azərbaycan” adlı kompazisiya nümayiş olunmuşdur. Daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva tədbirin mahiyyəti haqqında məlumat verərək tədbirin keçirilməsində məqsədin uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunlara uşaqların marağının artırılması, kiçik yaşlarından başlayaraq uşaqların əqli qabiliyyətinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi, intellektual oyunların kütləviliyinin artırılması olduğunu bildirmiş, həmçinin qeyd etmişdir ki, may ayında “Ağılı uşaq” əyləncəli intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçiriləcəkdir.

Birincilikdə bağçalarda keçirilən oyunlarda qalib olmuş komandalar iştirak edəcəkdir. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısı haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışlar.

İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak etmişdir. Birinci mərhələdə uşaqlar butona basmaqla 30 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırmışlar. Sonda daha çox suala düzgün cavab verərək “Şuşa” komandası I yerə, “Kəlbəcər” komandası II yerə, “Ağdam” və “Xocalı” komandaları III yerlərə çıxmışlar.

Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunmuşdur.

20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxşıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

İntellektual oyun Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı olaraq paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.03.2019

Поделиться