Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



Yüngül Atletika Federasiyasında yığıncaq keçirilib


       Dünən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.

Yığıncağı giriş sözü ilə açan Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, keçirilən müşavirədə Ali Məclis Sədri cənab Vasif Talıbov idman sahəsində 2018-ci ildə əldə edilən uğurları qeyd edib, muxtar respublikada idmanın daha da inkişaf etdirilməsi və buraxılan nöqsanları aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Muxtar respublikada fəaliyyət göstərən federasiyalardan biri də Yüngül Atletika Federasiyasıdır. Hazırda federasiyamızın nəzdində iki klub və 7 rayon bölməsi fəaliyyət göstərir. Klub və bölmələrdə təşkil edilən 84 qrupda 695 idmaçı təlimlərdə iştirak edir. Bunlardan 280-i qız, 415-si isə oğlanlardır. Klub və bölmələdə idmançılarla 11 məşqçi-müəllim məşğul olur.

Diqqətə çatdırılıb ki, Yüngül Atletika Federasiyası Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində hər ilin əvvəlində birlikdə hazırlanan və təsdiq edilən təqvim planına uyğun olaraq nəzərdə tutulan bütün idman yarışlarının yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə nail olub. 2018-ci ili federasiyamız üçün uğurlu il hesab etmək olar. Belə ki, il ərzində federasiyanın idmançıları 1 beynəlxalq, 3 ölkə, 5 muxtar respublika əhəmiyyətli və 17 rayon birinciliyində öz qüvvələrini sınayıb və uğurlu nəticələr əldə ediblər. Federasiyamız qazanılan medalların sayına görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif edilib, atletimiz Gülayə Cəfərova “İlin ən yaxşı gənc idmançısı”, Şamil Hüseynov isə “İlin ən yaxşı gənc məşqçisi” adına layiq görülüblər. Federasiyanın idmançılarından 3 nəfəri Azərbaycan yığma komandasının üzvülüyünə namizəd qəbul edilib, idmançılarımız və məşqçi-müəllimlərimiz üçün Azərbaycan Respublikası Atletika Federasiyasının peşəkar mütəxəssisləri tərəfindən treninq təlimləri keçirilib.

Rövşən Məmmədov qeyd edib ki, bütün bunlarla yanaşı nöqsanlar da olub. Xüsusilə federasiyanın bölmələrinə cəlb edilən idmaçıların sayının artırılması ilə bağlı əlavə tədbirlər görülməli, muxtar respublikada yüngül atletika idman növü üzrə kütləviliyə nail olmaq üçün təşviqat işləri daha da gücləndirilməlidir.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, 2018-ci il ərzində ayrı-ayrı idman növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1, Azərbaycan birinciliklərində 105 medal olmaqla cəmi 195 medal qazanıblar. Gənclər və İdman Nazirliyi və Yüngül Atletika Federasiyanın birgə fəaliyyəti nəticəsində federasiya idmançıları böyük uğurlara imza atıblar. Belə ki, cari ildə federasiyanın idmançılarının Bakı şəhərində keçirilən oğlan və qızlar arasında yüngül atletikanın kross qaçışı üzrə Azərbaycan birinciliyində, Bakı şəhərində keçirilən Azərbaycan çempionatında, “Küləyə Qalib Gəl” devizi altında Bakı Marafonu beynəlxalq turnirdə iştirakları təmin olunub. Ümumilikdə isə, federasiya idmançıları ölkə birinciliklərindən 22 müxtəlif əyarlı medal qazanıblar.

Federasiyanın sədr müavini İntiqam Rəhimov 2018-ci ildə görülən işlər barədə məlumat verdikdən sonra məşqçi-müəllimlərin fikir və təklifləri dinlənilib.

Sonra 2019-cu il üçün hazırlanmış tədbirlər planı imzalanıb. Eyni zamanda il ərzində uğur qazanan atletlər mükafatlandırılıb.

Sonda federasiyanın sədri Rövşən Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən qarşıya qoyulan vəzifələr, göstəriş və tapşırıqları rəhbər tutaraq muxtar respublikada bu idman növünün inkişafına öz töhfələrini verəcəklərinə əminliyini bildirib, qazanılan uğurlarda əməyi olan hər kəsə təşəkkür edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
26.12.2018

Поделиться