Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilmişdir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə edilib.

Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclası nazir Azad Cabbarov açaraq məruzə edib.

Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində ¬avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə payız-qış mövsümündə idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir idman infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə edilməsi barədə bir sıra tapşırıqlar verilib.

Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, idman da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Keçirilən müşavirədə verilən tapşırıqlara əsasən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə edilməsi, israfçılığa yol verilməməsi, istehlak olunan qazın və enerjinin dəyərlərinin vaxtında ödənilməsi daim diqqətdə saxlanılmalıdır. Buna görə də, Nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri və idman müəssisələrinin, idman obyektlərinin, olimpiya idman komplekslərinin, uşaq-gənclər idman məktəblərinin üzərinə bir sıra mühüm vəzifələr düşür.

2018-2019-cu illərin payız-qış mövsümündə İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Şərur Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbi və Naxçıvan şəhər Üzgüçülük Mərkəzində yeniyetmə və gənclərin idmanla müntəzəm məşğul olması və kütləvi idman tədbirlərinin keçirilməsi üçün istilik, elektrik sistemi və su təchizatına nəzarət gücləndiriləcəkdir.

Həmçinin, idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərinin aparılması və idmançıların tibbi müayinədən keçirilməsi işləri nəzarətdə saxlanılacaqdır.

Bundan başqa, payız-qış mövsümündə elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərdən düzgün istifadə olunması, israfçılığa yol verilməməsi təmin ediləcək və təsərrüfathesablı idman müəssisələrində əldə olunmuş gəlirlərdən elektrik enerjisi, qaz xidməti haqlarının ödənilməsində istifadə olunmasına, bu istiqamətdə nöqsanların baş verməməsinə ciddi diqqət yetiriləcəkdir.

Payız-qış mövsümünə hazırlığın əsas məsələsi kimi Nazirliyin, o cümlədən Nazirliyin tabeliyində və strukturuna daxil olan təşkilatların yerləşdiyi inzibati binaların mühafizəsinə ciddi nəzarət olunacaq. Gözətçilər və ocaqçılar müvafiq olaraq təlimatlandırılacaqlar.

Qeyd olunub ki, Nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələrinin yeniyetmə və gənclərin payız-qış mövsümündə də idmanla müntəzəm məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün yaradılmış şəraitdən düzgün istifadə etməsinə nəzarət artırılacaqdır.

Bu dövr ərzində əlaqədar təşkilatlarla əməkdaşlıq möhkəmləndiriləcək, tədbirlərə aidiyyəti təşkilatların nümayəndələri dəvət ediləcəkdir.

Kütləvi informasiya vasitələri ilə əlaqələr daim diqqət mərkəzində olacaq, keçirilən bütün tədbirlərin televiziya, qəzet və sosial şəbəkələrdə işıqlandırılması təmin ediləcəkdir. Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti
17.08.2018

Поделиться