Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan məktəblisi rəsm müsabiqəsinin mükafatçıları sırasında

      Azərbaycan Milli Olimpiya Komitəsi, Ədalətli Oyunlar Komissiyası və "Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən və iki ay davam edən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinin mükafatçıları bəlli olub. Muxtar respublikamızdan 30-a yaxın məktəblinin müsabiqədə iştirakı təmin edilib. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki rəsm dərnəyinin üzvü İrəm Göktaşın əl işi 3-8 yaş qrupu üzrə III yerə layiq görülüb. İrəm çəkdiyi rəsmdə bir atletin öndə olmasına baxmayaraq zədələnən rəqibinə kömək etməsini təsvir edərək “fair play” (ədalətli oyun) və humanizm prinsiplərini önə çıxarıb. Təmsilçimizə və mövzuya uyğun çəkilmiş bütün rəsmlərin sahiblərinə sertifikat verilib.

Qeyd edək ki, 3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə muxtar respublika ilə yanaşı paytaxt Bakı və 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub. Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar münsif heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
01.07.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021