Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanlı gənclər “Marş İrəli” layihəsində iştirak edəcək

      Əsas məqsədi Azərbaycan gəncində vətənpərvərlik ruhunun gücləndirilməsi olan “Marş İrəli” dördüncü dəfə start götürür. 3 mövsümdür ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən layihənin növbəti ünvanı “Şərqin qapısı” Naxçıvandır.

Artıq iştirakçıların qeydiyyat prosesi yekunlaşıb. Gənclər layihədə iştirak üçün öncə onlayn müraciət formasını doldurublar. Həmin müraciətlər əsasında qeydə alınan 196 potensial iştirakçı müsahibə mərhələsində iştirak edib. Müsahibə təşkilatçı qurumların əməkdaşları tərəfindən aparılıb və layihənin konseptinə uyğun olaraq gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 70 gənc düşərgədə iştirak haqqı qazanıb. Əlavə olaraq Bakıdakı seçimlərin əsasında ölkənin digər şəhər və rayonlarından 30 gənc layihəyə qatılacaq.

5-9 sentyabr tarixlərini əhatə edəcək layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib və tədbirlərə hazırlıqla bağlı müzakirələr aparılaraq təşkilati işlər görülüb. Qeyd edək ki, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu, Əlahiddə Ümumqoşun Ordu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə düşərgə formatında həyata keçiriləcək hərbi simulyasiyalı layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq müxtəlif növ təlim və seminarlar, komanda yarışları, görüşlər və ekskursiyalarda iştirak edəcəklər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
01.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021