Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

      Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Gənclər Fondunun əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri, nazirliyin sistemində olan müəssisələrdə çalışan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev sağlam gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I formunun keçirilməsi, bundan sonra hər il fevralın 2-nin ölkəmizdı Gənclər Günü elan olunması bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, onlara aylıq təqaüdlərin verilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılması muxtar respublikada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30,8 faizini 14-29 yaş arası gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə ardıcıl tədbirlər görülmüş, 200-dən çox ümumtəhsil məktəbinin, 3 ali və 3 orta ixtisas məktəbinin, Heydər Əliyev adına Hərbi Liseyin, 26 Uşaq Musiqi Məktəbinin, 5 peşə məktəbinin fəaliyyəti təmin edilmişdir.

Nazir diqqətə çatdırıb ki, Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq muxtar respublikada ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetiməsinə öz töhfəsini verir. Gənclərin sosial problemlərinin həlli, xüsusilə mənzil şəraitiin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Naxçıvan şəhərində və rayon mərkəzlərində gənclər üçün yeni yaşayış kompleksləri və binalar tikilərək istifadəyə verilir, gənc ailələr mənzillə təmin olunur.

Azad Cabbarov çıxışının sonunda yaradına şəraitə görə Ali Məclisi Sədrinə minnətdarlığını bildirib, gəncləri 2 fevral Gənclər Günün münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada mədəniyyət sahəsində görülən işlər, həmçinin musiqi və incəsənət məktəblərinin yaradılması, maddi-texniki bazalarının gücləndirilməsi, Naxçıvan Dövlət Universitetində, eləcə də Naxçıvan Musiqi Kollecində mədəniyyətin, incəsənətin müxtəlif sahələrinə aid ixtisaslı kadrların yetişdirilməsi milli mədəniyyətimizin, o cümlədən musiqi sənətinin gənclərə əsaslı şəkildə öyrədilməsinə imkan verir. Bütün bu tədbirlərin nəticəsidir ki, gənclər istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə mədəniyyət sahəsində uğurlara imza atır, milli musiqimizi layiqincə təbliğ edirlər.

Natəvan Qədimova qeyd edib ki, 2 fevral Gənclər Günü münasibətilə keçirilən konsert də görülən işlərin məntiqi davamıdır. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında tanınmış Azərbaycan və dünya klassiklərinin əsərləri təqdim edilir. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri Teymur Göyçayev bundan əvvəl də dəfələrlə muxtar respublikada olmuş, konsert proqramları ilə çıxış etmiş, musiqi təhsili müəssisələrində ustad dərsləri keçmişdir.

Çıxışının sonunda nazir konsertin təşkilində irəli sürdüyü təşəbbüsə görə görkəmli dirijor, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayevə təşəkkürünü bildirib, gəncləri Gənclər Günü münasibətilə təbrik edib.

Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir bədii hissə ilə davam edib. Belə ki, skripkada Anar Yusifovun Arif Məlikovun “İki ürəyin dastanı” baletindən “Komdenin arzuları”, Françesko Maria Veraçinin “Largo”, Asəf Zeynallının “Muğam sayağı”, İlkin Abdullayevin ifasında Fikrət Əmirovun “Sevil” operasından “Balaşın nəğməsi”, Rahim Əsgərzadənin ifasında Ernesto De Kurtisin “Sorentoya qayıt”, Tural Nəcəfovun ifasında Tofiq Quliyevin “Bakı”, Mübariz Əsgərovun ifasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Sərxan Abdullayevin ifasında Vasif Adıgözəlovun “Lay-lay”, Mübariz Əsgərov və Gülyanaq Fərzəliyevanın ifalarında Rauf Hacıyevin “Sevgilim”, Gülyanaq Fərzəliyevanın ifasında Vasif Adıgözəlovun “Naz-naz”, Naxçıvan Dövlət Filarmoniyasının Xor Kollektivinin ifasında xalq mahnısı “Bana-bana gəl”, Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının birləşmiş xorunun ifasında “El oğlu”, Azərbaycan Respublikasının Dövlət Himni, Kamera orkestrinin Qara Qarayevin “Gənclər valsı”, kamançada Ahim Güləliyev, balabanda Sərxan Əliyevin ifalarında Azərbaycan Xalq mahnısı “Sarı gəlin” və dirijor Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri ilə birgə ifa etdiyi Üzeyir Hacıbəylinin “Arazbarı” əsərləri tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
02.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020