Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“2 fevral-Gənclər Günü” qeyd olunmuşdur

      “Gənclər Mərkəzi”ndə “2 fevral-Gənclər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi təşkil olunmuşdur.

Əvvəlcə vurğulanmışdır ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları, bu sahədə yaranan münasibətlər “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Ölkəmizdə gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdən ibarətdir. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olmuş, öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ümummilli liderimiz müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı da gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, onların sosial problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün lazımi şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzalamış, bu siyasətin davamı olaraq 2 fevral 1996-cı il tarixdə Azərbaycan Respublikası gənclərinin ilk Forumu keçirilmiş, 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən ümummilli lider 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi barədə Sərəncam imzalamışdır.

Dövlət gənclər siyasəti Respublikada Prezident İlham Əliyev tərəfindən, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz bütün sahələrdə irəli çəkilirlər. Muxtar respublikamızda gənclərə göstərilən etimada, onlara yaradılan şəraitə cavab olaraq gənclərimiz bütün etimadları doğrultmaq üçün əllərindən gələni edirlər.

Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. Buna sübut olaraq gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və gənclərimizin digər sahələrdə əldə etdiyi nailiyyətləri nümunə göstərmək olar.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək bildirmişdir ki, ölkəmizdə və eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmiş, ölkə müstəqilliyinin möhkəmləndirilməsinin zəruri və əvəzedilməz üzvləri olaraq, torpaqlarımızın tarixi düşmənlərimizdən azad olunmasında, beynəlxalq miqyaslı bir çox yarışlarda himnimizin oxunmasında və bayrağımızın yüksəklərə qaldırılmasında, respublikamızın hərtərəfli inkişafını təmin edən bütün sahələrin yüksəlişində yaxından iştirak edir, ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elm auditoriyalarında layiqincə təmsil edirlər. Muxtar respublikamızda da “2 fevral-Gənclər Günü” geniş şəkildə qeyd edilir, bu gün münasibətilə tədbirlər təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclərimizin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır. Keçirilən bu tədbirlər də öz növbəsində gənclərə göstərilən qayğının bariz nümunəsi olmaqla, gəncləri daha da həvəsləndirmək, motivasiya etmək məqsədi daşıyır. Biz əminik ki, muxtar respublika gəncləri bundan sonrakı dövrdə də bilik, bacarıq və istedadları ilə hər zaman fərqlənəcək, ölkəmizin ictimai həyatında yaxından iştirak edərək onun inkişafına öz töhfələrini verəcək, onlara göstərilən etimadı doğruldacaqlar. Gənclərimiz Heydər Əliyev siyasətinin ətrafında sıx birləşməklə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın çiçəklənməsi istiqamətində aparılan işlərdə daha yaxından iştirak etməli, uğurlu fəaliyyətləri ölkəmizin adını yüksəklərdə tutmalıdır.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
02.02.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020