Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan idmançısı dünya kubokunun qalibi olub

      İyunun 29-da Ukraynanın Nikolayevski bölgəsində yeniyetmələr, gənclər və böyüklər arasında Universal Döyüş üzrə Dünya Kubokuna start verilib.

28 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi ilə 24 idmançı təmsil edib. Yığma komandanın heyətində dünya kubokuna qatılan təmsilçilərimizdən biri də Naxçıvan Kikboksinq Federasiyasının və “Turan” döyüş klubunun idmançısı Sadiq Kərimov olub. O, 11-12 yaş kateqoriyasında 42 kq üzrə mübarizə aparıb. Əvvəlcə “Light” versiyasında 3 görüş keçirən Sadiq bütün rəqiblərini - Polşa, Özbəkistan və Ukrayna idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Classic” versiyasında isə finaladək məğlubiyyətsiz irəliləyən təmsilçimiz həlledici döyüşü xal hesabı ilə uduzub. Beləliklə, yeniyetmə idmançımız dünya kubokunu 1 qızıl və 1 gümüş medalla tamamlayıb.

Qeyd edək ki, Sadiq Kərimov kikboksinq üzrə Azərbaycan üçüncüsü və Pankration, Qrepplinq üzrə açıq Bakı çempionatlarının qalibidir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
02.07.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021