Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"O XANADAN BU XANAYA SÜZÜLƏN DÜŞÜNCƏ!"

TƏŞBEH

      64 xanalıq, olduqca maraqlı, sirli və qədim... Savaş meydanının oyun taxtasındakı rəmzi təsviri, döyüş təyinatının fiqurlarla təsnifatı, itirmə qorxusundan qazanma istəyinədək dəyişən ab-hava, xanalarındakı min bir strategiya ilə beynimizə və qəlbimizə nüfuz edən əsrarəngiz idman növü – ŞAHMAT və oyun fəlsəfəsindən bənzətmələr.

O xanadan bu xanaya ilk gediş və ya “debüt” (oyunun ilk mərhələsi)

Hərdən Naxçıvanımızın düşdüyü çətin tarixi şərait və qət etdiyi məşəqqətli uğur yolunu analiz etməyə çalışanda nədənsə, şahmat taxtasındakı müxtəlif vəziyyətlər ağlıma gəlir. Eynən oyunda olduğu kimi zaman keçdikcə dəyişən tablo və bu minvalla ərsəyə gələn fərqli istiqamətlər “Nəqşicahan” gözəlliyini dövrümüzə qədər daşıyıb. Şahmat oynayanlar bilir ki, adətən piyadalarla atılan ilk gediş ənənəvi olur - oyunun əvvəlində dinamika yaratsa da, kəşfiyyat xarakteri daşıdığından sonrakı mərhələr daha maraqlı, daha həyəcanverici və drammatik olur. Düşünürəm ki, tarixi minilliklərə dayanan diyarımızdakı ilk rəmzi gedişi "ümumdünya tufanı"na bağlasaq daha doğru olar. Sivilizasiyanın başlanğıcı həm də ilkin həyat tərzinin formalaşmasına səbəb olan düşüncələrdən başlayır. Şəxsi baxış aspektimə görə dəyərləndirdiyim bu yanaşma baxımından dəyərli elm adamı, mərhum tarixçi-etnoqraf Hacı Qadir Qədirzadənin “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan” adlı kitabı debütün dinamik və detallı təsviri üçün ideal vasitədir.

“Seytnot”

Bu şahmat termini düşünmək üçün vaxtın çatışmazlığı anlamını ifadə edir. Ən çətini də məhz budur. Qısa vaxt ərzində ən uyğun variant tapmalı və ya ağlabatan gediş etməlisən. Bu situasiya üçün ən ideal bənzətmə düşünürəm ki, 90-cı illərin əvvəlindəki siyasi-iqtisadi böhran, hərc-mərclikvə müharibədövrüdür. Təəssüflə xatırlayırıq ki, ölkəmiz bu mərhələdə olduqca ağır günlər yaşadı - xarici və daxili qüvvələrə qarşı mübarizə, qanlı savaşlar, insanlıq tarixində qara ləkəyə çevrilən kütləvi qırğınlar, vətəndaş çaxnaşması,... Sadaladıqca ruhun diksinir, xatırladıqca da beynin oyanır. Doğrudur, yeni nəsil üçün fərqli duyğulardır. Məsələn, Xocalı qətliamı zamanı hələ dünyaya gəlişimin 3-cü ongünlüyünü yaşayırdım. Kədər nədir, qəhər nədir anlamasam da ən əsası yaşayırdım... Yəqin ilk görənlər də deyiblər ki, “Böyük kişi olsun!”. Bax elə, o an əsl kişilər səngərdə savaşırdı - məni, səni qorumaq üçün. Əsl kişilər döyüş ruhu aşılayırdı, istiqlal eşqinə səsləyirdi. Heyif ki, bəs etmirdi. Ölkənin bu vahiməli dövrünü şahmat taxtasına köçürsək belə, yenə məğlubiyyət qaçılmaz olar. Bu vəziyyəti yalnız müdriklik, qətiyyət və ən əsası ağıl dəyişə bilərdi. Xalqın iradəsi, tələbi və istəyi ilə taleyüklü missiyanı dahi Heydər Əliyev öhdəsinə götürdü. Cavab görüşünədək düşünülən uğurlu strategiya və manevrləri məsələnin taleyinə aydınlıq gətirdi. Ordu quruculuğundan, siyasi-iqtisadi proseslərədək bütün sahələrdə etibarlı təməllər atıldı,yeni inkişaf yolu cızıldı və bu yol heç şübhəsiz ki, uğura aparırdı.

“Qalaqurma”

“Ən yaxşı müdafiə hücumdur!” deyirlər. Şahmatın əsas fəlsəfəsi isə səbirli və təmkinli davranmaqdır. Dilimizdə “dünya bir günə qurulmayıb ki?!” deyə istifadə etdiyimiz fikrin təməlində belə zamanın dəyəri məfhumu dayanır. Əlincəqalanın müdafiə gücü ilə əyilməzlik simvolu yaradan xalqın xələfləri bu gün Şuşa Qalasından düşmənə göz dağı verir. Qalanı aliləşdirən üçrəngli şanlı bayrağımız yağını öz gözündə adiləşdirir. Deməli, səbir və ağıl insan həyatında həlledicidir. 30 illik yurd həsrətini bitirən əsas amillərdən biri də bu idi. Zaman bizi daha güclü etdi – güclü intiqam hissinə rəğmən dünyaya sülhsevərlik nümayiş etdirməyimiz, uğurlu siyasi-iqtisadi strategiyanın qazandırdığı üstünlük və diplomatik həmlələr, modernləşdirilimiş ordu ilə artan güc potensialı və dövlət-xalq-ordu birliyi ilə əldə olunan zəfərin əsasında etibarlı müdafiə predmeti dayanır. Bu fikirləri ümumiləşdirib şahmat taxtası üzərinə köçürməli olsaq, adı “qalaqurma” olar. Ən güclü şahmatçılar belə bu üsulu oyunun müəyyən qismində - adətən əvvəlində tədbiq edirlər ki, rəqibi mat etmək üçün daha rahat manevrlər edə bilsinlər. Seytnotla bağlı fikirləri xatırlayaq. Deməli, bu revanşın təməli qalaqurmadan başlayıb.

“Mat”

Şahmatda mat anlayışı müdafiəsiz elan edilmiş şah mənasını verir və çıxılmaz vəziyyətdə qalan tərəfin məğlubiyyəti ilə ölçülür. Fərqi yoxdur istər məcburi, istərsə də “taktiki geriçəkilmələr” et. Nəticə etibarı ilə yaranmış həmin vəziyyətin adı məğlubiyyətdir - 44 günlük Vətən müharibəsində olduğu kimi.

Etiraf edim ki, bir azərbaycanlı kimi mat ifadəsini böyük qürurla işlətməyin həzzini yaşayıram. Bu qüruru bizə yaşadanlar və buna vəsilə olanlara minnət və sayğı borcumuz əbədidir. Hər iki müharibə dövrü və aradakı zaman kəsiyində əsgər və zabitlərimizin rəşadətli, qəhramanlıqlarla zəngin döyüş yolu qarşısında çoxları mat qaldı. Şanlı qələbəmiz yad ambisiyaları tamamilə qırıb, atdı. Azərbaycan Ordusu icra etdiyi uğurlu döyüş əməliyyatları ilə dünya hərb tarixində yeni metodların tədbiqinə nail oldu. Dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilər, bu sahə üzrə mütəxəssis və ekspertlərin fikrincə, Azərbaycan 21-ci əsrdə müharibə aparmaq nümunəsini ortaya qoyudu.

İstər Ali Baş Komandan, istərsə də prezident kimi İlham Əliyev qələbənin qazanılmasında başlıca rol oynadı. 17 illik rəhbərliyi dövründə ölkədə inkişaf və sabitliyin təminatçısına, parlaq gələcəyin müjdəçisinə çevrilən ölkə başçısından gözlənilən də məhz bu idi. Döyüş əmrinədək olan prosesləri, müharibə dövrü və sonrakı mərhələni düşündüyümüzdə ortaya çıxan mənzərə heyrətamizdir. Cənab Prezidentin müxtəlif cəbhələrdəki inamlı mübarizəsi, qətiyyətli və prinsipial mövqeyi, uğurlu diplomatik həmlələri, operativ və obyektiv yanaşmaları qələbəyə gedən yolun əsas meyarlarına çevrildi. Qısa müddətdə, uzunmüddətli strategiyaya əsaslanan zəfər qazanıldı. İndi zəfər çələngi Qarabağımızı bəzəməkdədir.

Şahmatda adətən mata səbəb olan son gedişdən sonra hörmət əlaməti olaraq əl sıxıb görüşürlər. Bu həmçinin rəqibin məğlubiyyətlə barışması, qalib tərəfi təbrik etməsi kimi dəyərləndirilir. Belə olmayan halda isə “dəmir yumruq” işə düşər.

Emil Səmədov, jurnalist



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.05.2021






Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020