Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Maarifləndirici tədbir keçirilmişdir

      4 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 3 №-li tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri tərəfindən muxtar respublikada yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planına əsasən onların milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarında idmana cəlb edilməsi və oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Daxili İşlər Nazirliyinin baş inspektoru Səid Babayev, Naxçıvan Şəhər Polis İdarəsinin baş inspektoru Şamil Həsənov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov çıxış edərək bildirmişlər ki, bu gün muxtar respublikada yeniyetmə və gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Muxtar respublikada milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan, geniş dünyagörüşlü, təhsilli və intelektli gənc nəsilin yetişdirilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Bu sahədə ardıcıl tədbirlər görülür, müasir məktəb binaları, ali təhsil kompleksləri istifadəyə verilir, müasir gəncliyin inkişafı üçün hərtərəfli şərait yaradılır. Muxtar respublikamızda həmçinin, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsi yad edilərək onların keçdiyi qəhrəmanlıq yolundan gənclərə ətraflı məlumat verilir, gənclərin muzeylərimizə, tarixi abidələrimizə ekskursiyaları təşkil edilir, filmlər nümayiş olunur. Gənclər arasında mütaliə mədəniyyətinin formalaşması da daim diqqətdə saxlanılır. Ali Məclis Sədrinin Sərəncamı ilə oxunması zəruri olan kitabların siyahısının təsdiq olunması bu işə əsaslı töhfə vermişdir. Həmin Sərəncama əsasən yeniyetmə və gənclər arasında kitablarla bağlı müxtəlif intellektual oyunlar keçirilir, kitab müzakirələri təşkil edilir. Bu gün muxtar respublikada idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənclərin hərtərəfli böyüməsinə xidmət edir. Yaradılan imkanlardan istifadə edən gənclər Azərbaycan və dünya miqyaslı yarışlarda və çempionatlarda uğurla iştirak edərək Naxçıvan idman məktəbinin adını yüksəldirlər. Yeniyetmələr də öz asudə vaxtlarını səmərəli təşkil etmək üçün idmanla məşğul olmalı, keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etməlidirlər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Tədbirdə 45 nəfər yeniyetmə iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
04.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020