Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş muxtar respublika birinciliyi

      Naxçıvan-Duzdağ yolunda ali və orta ixtisas təhsili müəssisələrinin, eləcə də şəhər və rayon komandalarının oğlan və qız atletləri arasında 5 km məsafəyə kross qaçışı üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Atletika Federasiyasının birgə təşkil etdikləri yarışda 170-dən çox atlet mübarizə aparıb.

Nəticələrə əsasən, finiş xəttinə hər kəsdən tez çatan Rəhim Əliyev (Hərbi Lisey) oğlanlar arasında birinci olub. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Taleh Yaqublu ikinci, Ordubad idmançısı Sənan Əsgərov isə üçüncü olub.

Qızlar arasında Sədərək idmançıları fərqləniblər. Bu yaxınlarda ölkə çempionu olan Aysu Abbasova bu mübarizədən də qalib ayrılıb. Zeynəb Babayeva və Zülfiyyə Süleymanova müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Mükafatlandırma mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı və Atletika Federasiyasının sədri Rəhman Məmmədov yarış iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, muxtar respublikada idmanın inkişafı istiqamətində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Müasir idman infrastrukturunun, eyni zamanda idmanın müxtəlif növləri üzrə federasiyaların fəaliyyət göstərməsi yeniyetmə və gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına imkanlar açır. Bütün bunların sayəsində idmançılarımız ölkə və beynəlxalq idman arenasında çıxış etmək şansı qazanır, uğurlu nəticələr əldə edirlər. Sevindiricidir ki, fərqlənənlər arasında Atletika Federasiyasının idmançıları da var. Yeniyetmə idmançılarımızın təkcə ötən ay ölkə birinciliklərindən əldə etdikləri 2 qızıl və 2 bürünc medal gələcəyə daha inamla baxmağa zəmin yaradır. Çıxış edənlər yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonda ilk on pillədə qərarlaşan idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
04.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022