Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Futbol Federasiyasında iclas keçirilib

      Naxçıvan Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.

İclasda Naxçıvan MR Gənclər və İdman Nazirliyinin əməkdaşları, federasiya üzvləri, məşqçilər, hakim və futbolçular iştirakı ediblər. Gənclər və İdman Naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov gündəlikdə olan məsələri iştirakçıların diqqətinə çatdırıb. Azad Cabbarov çıxışında bildirib ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, maddi-texniki baza möhkəmləndirilir, müasir idman infrastrukturu formalaşdırılır, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılır.

İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Federasiya sədri qeyd edib ki, Hazırda muxtar respublikamızda 1244 idmançı 100 qrupda idmanın bu növü ilə məşğuldur. Ötən dövr ərzində federasiya tərəfindən idmanın bu növünü inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə icra olunan ən əhəmiyyətli işlərdən biri Uzunoba gölünün ətrafında inşa olunan çimərlik futbolu meydançası və Naxçıvan Futbol Federasiyasının Təlim-məşq Kompleksidir. Təlim-məşq Kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir.

Federasiyanın sədr müavini Sakit Rzayev Naxçıvan Futbol Federasiyası olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və digər idman qurumları ilə sıx əməkdaşlıq etməklə ötən dövr ərzində futbolun müəyyən istiqamətlərində çoxsaylı layihələr, yarışlar, kurs və seminarlar təşkil olunduğunu, ölkə futboluna inteqrasiya proseslərinin regionda bu sahənin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Federasiya nümayəndələrinin ötən il Türkiyənin səfəri zamanı Mərsin şəhərindəki İtaliyanın “İnter” futbol klubunun akademiyası ilə əlaqələrin yaradılması və türkiyəli futbol mütəxəssisləri ilə görüşlərin təşkil olunması haqqında məlumat verərək xarici əməkdaşlıq əlaqələrinin Naxçıvanda bu idman növünün, xüsusən də, uşaq futbolun inkişafına təkan verəcəyini ifadə edib.

Sakit Rzayev AFFA futbol mütəxəssislərinin iştirakı ilə məşqçi və hakimlər üçün təşkil olunan seminar və təlim-məşq toplanışlarının davam etdirilməsini bu sahədə yeni kadrların hazırlanmasına hesablandığını bildirib.

Həmçinin ötən il yekunlaşan Naxçıvan Futzal Liqası, futzal üzrə “Badamlı – Naxçıvan Kuboku” və Çimərlik futbolu üzrə Muxtar Respublika Çempionatı bölgənin futbol həyatında ilk olması ilə yadda qaldı. Futzal klublarımızdan “Nəqşicahan Holdinq” və “Badamlı”nın ilk dəfə iştirak etdiyi ölkə kubokunda 1/8 final mərhələsinə adlaması Naxçıvan futzalının qısa zamandakı inkişaf dinamikasını səciyyələndirən hadisə oldu. Ötən il, Naxçıvan Futbol Federasiyasının rəsmi internet saytı Nff.az istifadəyə verildi. Saytda yaradılan müxtəlif bölmələrdə Naxçıvan futbolu ilə bağlı ümumi məlumatlar və federasiyanın fəaliyyəti ilə tanış olmaq mümkündür. Sakit Rzayev bildirib ki, federasiyamız bundan sonrakı fəaliyyətini də müvafiq tapşırıqlara uyğun və günün tələbləri səviyyəsində quracaq.

İclasda cari ilin tədbirlər planı təsdiq olunub.

Sonda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Naxçıvan futbol ailəsi adınan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirən Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının 2021-ci ildə də fəaliyyətini muxtar respublikada bu idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrinin icrası istiqamətində quracağına, eyni zamanda futbol idman növününü inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini ifadə edib, görüləcək işlərin icrası istiqamətində müvafiq tapşırıqlarını verib.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
05.02.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020