Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Marş İrəli”- Naxçıvan start götürdü

      Ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə Naxçıvan ev sahibliyi edir.

Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan açılış mərasimi ilə layihəyə start verilib. Mərasimdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himnimiz ifa olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti nəticəsində indi Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu gün qalib ölkənin gəncləri kimi bura toplaşmağımız da məhz, həmin siyasi kursun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində qazanılan şanlı qələbəmizin sayəsində mümkün olub. Muxtar respublikada gənclərlə iş sahəsində icra olunan işlər barədə danışan nazir Ali Məclis Sədrinin rəhbərliyi ilə bu istiqamətdə daim əməli addımlar atıldığını, dövlət gənclər siyasətinin uğurla icra olunmasına diqqət göstərildiyini deyib. Sonda iştirakçılara uğurlar arzulayan Ramil Hacı “Marş İrəli” layihəsinin qədim diyarımızda gerçəkləşən uğurlu tədbirlərdən biri olacağına inamını ifadə edib.

Müstəqilliyin bizə qazandırdığı ən böyük töhfələrdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir və bu mühiti ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət formalaşdırıb deyən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev fikrinin davamında Prezident İlham Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə apardığı fəaliyyətində gənclərə böyük inam bəsləndiyini, gəncliyin inkişafı üçün lazımi şəraitin yaradılması istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb. İştirakçılara uğurlar arzulayan Cəbi Quliyev deyib ki, Azərbaycan gəncliyi dövlət başçısının onlara xitabən vurğuladığı “Gənclər, mən sizə inanıram, güvənirəm” fikrindən güc alacaq və tariximizin yeni şanlı səhifələrini yaradacaq.

Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov “Marş İrəli” layihəsinin bundan öncəki 3 mövsümdə olduğu kimi, Naxçıvan mərhələsinin də uğurla tamamlanacağına inandığını deyib.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, növbəti mövsümün Naxçıvan gənclərini əhatə etməsini paytaxtla yanaşı, bölgələrimizdə də bu sahənin inkişafına təkan verəcək amil kimi qiymətləndirmək olar.

Açılış mərasiminin ardınca iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Qonaqlara muzeyin ekspozisiyasında nümayiş etdirilən rəsmi sənədlər, fotoşəkillər, şəxsi əşyalar və yaradıcılıq nümunələri, həmçinin dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti ilə bağlı məlumatlar verilib. Daha sonra Şəhidlər Xiyabanı və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın ruhuna dualar oxunub. Nahar fasiləsindən sonra iştirakçılar Əcəmi Seyrangahında olub, ümummilli liderin burada ucaldılmış büstü ziyarət olunub, ardınca Mömüniə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, həmçinin Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanış olublar. Axşam saatlarında təbrin açılış konserti reallaşıb.

5-9 sentyabr tarixlərini əhatə edəcək layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib. “Marş İrəli”nin konseptinə uyğun olaraq gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş 100 gənc düşərgədə iştirak haqqı qazanıb. Onlardan 70-i Naxçıvan gəncləridir.

Layihə Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
05.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021