Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Naxçıvanı tanıyaq!” – gənclərin Şahbuz səfəri

      Gənclər arasında muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığının öyrənilməsi kimi önəmli funksiyalar daşıyan ənənəvi ekskursiyalardan daha biri bu gün reallaşıb. Belə ki, Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən “Naxçıvanı tanıyaq!” devizi ilə təşkil olunan ekskursiya çərçivəsində gənc partiya üzvləri Xalq şairi Məmməd Arazın ev-muzeyi, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasında olublar.

Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva və Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev ekskursiyanın əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikamıza olan turist marağı ildən-ilə artmaqdadır. Qədim diyarın turizm potensialını gənclərimizə tanıtmaq, təbliğ etmək üçün müxtəlif layihələr icra olunur. İnanırıq ki, “Naxçıvanı tanıyaq” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar da bu baxımdan faydalı olacaq.

Ekskursiyada iştirak edən gənclər sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər. Gəzinti Ağbulaq İstrahət Mərkəzində təşkil olunan çay süfrəsi ilə yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
06.07.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021