Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Marş İrəli" layihəsi uğurla icra olunur

      Layihənin ikinci günü səhər yeməyinin ardından iştirakçılar üçün Əshabi Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə ekskursiya təşkil olunub. İştirakçılara ziyarətgah haqqında zəruri məlumatlar çatdırılıb. Qeyd olunub ki, Əshabi-Kəhf mağarası təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, islamın müqəddəs kitabı “Qurani-Kərim”də də Əshabi-Kəhfin adı çəkilir.

Daha sonra layihə iştirakçıları N Saylı Hərbi Hissəyə yola düşüblər. Əlahiddə Ümumqoşun Ordunun arsenalında olan bir sıra hərbi uçuş texnikaları nümayiş etdirilib, onların taktiki-texniki xüsusiyyətləri və digər zəruri məlumatlar gənclərin diqqətinə çatdırılıb. Vətən müharibəsi zamanı düşmənə sarsılmaz zərbələr endirən "Bayraktar TB2" pilotsuz uçuş aparatı ilə tanışlıq iştirakçıların xüsusi marağına səbəb olub.

Sonra iştirakçılar layihə üçün meşə şəraitində xüsusi hazırlanmış düşərgədə məskunlaşıblar. Nahar yeməyindən sonra gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbçilərimiz iştirakçılara ordumuzun əzmkar döyüş yolu ilə bağlı xatirələrini bölüşüb, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə ilə bağlı təəssüratlarını bölüşüblər. Bildirilib ki, dövlət-xalq-ordu birliyi zəfərin qazanılmasında önəmli rola malikdir. Xalqımızın mənəvi dəstəyi, ölkə başçısının qətiyyətli siyasi mübarizəsi əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaratdı. Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Qüvvələrindən ibarət heyətin haqq savaşımızda xüsusi qəhrəmanlıqları və müstəsna xidmətləri olub. Hərbçilərimiz gəncləri maraqlandıran sualları cavablandırıblar. Sonda xatirə fotosu çəkilib.

Günün proqramına əsasən iştirakçılara atıcı silahlar, atışın üsul və qaydaları haqqında ümumi məlumat verilib. Layihənin ikinci günü komanda quruculuğu təlimi ilə yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
06.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021