Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan karate turniri başa çatıb

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən karate üzrə “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan Muxtar Respublika açıq birinciliyində qaliblər bəlli olub. Rəsmi açılış mərasimində idmançıların nümunəvi çıxışları, incəsənət adamları və rəqqasların iştirakı ilə təşkil olunan konsert proqramı maraqla qarşılanıb.

Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda Bakı və Sumqayıt idmançıları da daxil olmaqla ümumilikdə 250-dən çox idmançı müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar.

Nəticələrə gəlincə, olimpiya sistemi üzrə keçirilən yarışda “Naxçıvan-1” komandası birinci olub. “Naxçıvan-2” və “Sumqayıt” komandaları isə müvafiq ardıcıllıqla ilk üçlüyü tamamlayıblar.

İlk üçlükdə qərarlaşan idmançılar diplom, medallarla, komandalar isə kubokla təltif ediliblər. Mükafatları Gənclər və İdman nazirinin müavini Məcid Seyidov və Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev təqdim ediblər.

Turnirin məqsədi ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, onların sağlam, vətənpərvər və dövlətçiliyə bağlılıq ruhunda formalaşdırmaq, məşqçi və hakimlərin, o cümlədən klubların işini təkmilləşdirmək və kütləviliyə nail olmaqdan ibarət olub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022