Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Heydər Əliyev Kuboku" uğrunda kikboksinq üzrə muxtar respublika turniri

      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yarış yeniyetmə (2007-2009-cu illər) və gənclər (2004-2006-cı illər) arasında keçirilib. Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən turnirdə 16 çəki dərəcəsi üzrə 85 idmançı mübarizə aparıb.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan açılış mərasimində Gənclər və İdman naziri Ramil Hacı, Daxili İşlər naziri Rəşad İsmayılov və federasiya sədri Xəyal Abdullayev çıxış edərək ümummilli liderin idmana olan qayğısı, bu sahənin dünənki və bugünkü inkişafı ilə bağlı fikirlər səsləndirib, muxtar respublika idmanında görülən işlər və qazanılan nailiyyətlərdən bəhs ediblər. Bildirilib ki, ulu öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşmış, idmanın inkişafı dövlət siyasətinin üstün istiqamətlərinə çevrilmiş, böyük idman kompleksləri, idman sağlamlıq mərkəzləri tikilmiş, meydançalar yaradılmış, onlardan səmərəli istifadə təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikamızda müasir idman obyektləri, idmanın müxtəlif növləri üzrə idman federasiyalarının yaradılması, gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsi təmin olunur. Qeyd olunub ki, 13 aprel 2022-ci il tarixdən etibarən Naxçıvan Kikboksinq Federasiyası Daxili İşlər Nazirliyinin himayəsinə verilib. 2018-ci ildən bu ad altında fəaliyyət göstərən federasiya müəyyən inkişaf yolu keçib, beynəlxalq yarışlarda, turnirlərdə uğurlara imza atıb.

Çıxış edənlər idmançılara uğurlar arzulayıb, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonra final görüşlərinə start verilib. Yeniyetmələrin turnirində Elşad Cəlilov (34 kiloqram), İsa Yaqubov (37 kiloqram), Oğuz Məmmədli (42 kiloqram), Uğur Əliyev (47 kiloqram), Məhəmməd Qasımov (52 kiloqram), Ələkbər Tağıyev (63 kiloqram) və Zeynalabdin Musayev (69+ kiloqram) qalib adını qazanıblar. Gənclərin mübarizəsində Tuncay Qasımov (48 kiloqram), Şəmsəddin Əliyev (52 kiloqram), Mehman Abbasov (57 kiloqram), Səhət Əsədov (63 kiloqram), Yarəddin Cəfərov (69 kiloqram) və Qənbər Nağıyev (69+ kiloqram) hamıdan güclü olublar.

Qızlar arasında isə Fidan Rzayeva (47 kiloqram) və Röya Abdullayeva (52 kiloqram) turnirin baş mükafatını qazanıblar. Komanda hesabında birinci olan “Turan Döyüş Klubu" “Heydər Əliyev Kuboku”na layiq görülüb. İlk üçlükdəki idmançılar mükafatlandırılıblar.

Mükafatları gənclər və idman naziri Ramil Hacı, daxili işlər naziri Rəşad İsmayılov və federasiya sədri Xəyal Abdullayev təqdim edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022