Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir

      7 avqust 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Oyunun keçirilməsinin məqsədi “12 avqust-Beynəlxalq Gənclər Günü”nün qeyd olunması, gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov çıxış edərək iştirakçılara “Beynəlxalq Gənclər Günü” haqqında məlumat vermişlər. Muxtar respublikada gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edərək bildirmişlər ki, artıq bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, gənclərimiz intellektual oyunların ölkə birinciliklərində muxtar respublikanı layiqincə təmsil edir və uğurlu nailiyyətlər əldə edirlər. Sonra iştirakçı komandalara uğurlar arzulamış və gəncləri “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik etmişlər. Oyun 8 komandanın iştirakı ilə 2 yarımfinal və final mərhələsindən ibarət olmuşdur. Hər mərhələdə ən yüksək xal yığaraq birinci və ikinci yerlərə çıxmış komandalar finala vəsiqə qazanmışlar. Belə ki, “Diplomat”, “Qasırğa”, “Turan” və “Böyük beşlər” komandaları finalda mübarizə aparmışlar. Sonda “Diplomat” komandası daha çox xal toplayaraq oyunun qalibi adını qazanmışdır. “Turan” və “Qasırğa” komandaları müvafiq olaraq II və III yerə çıxmışlar. Qalib gələn komandaya kubok, digər komandalara və komanda üzvlərinə isə diplom, fəxri fərman, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinə aid bədii kitablar təqdim olunmuşdur.

40 nəfər gəncin iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020