Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib

      Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.

Açıq birincilik xarakterli yarış ulu öndərin əziz xatirəsinin yad edilməsi, gənclərə vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 20 komanda iştirak edib.

Həlledici final oyunun qalibi olan Voleybol Federasiyasının komandası peyntbol üzrə muxtar respublika birincisi olub. Basketbol və Paralimpiya federasiyaları təmsil edən komandalar müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.

Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovla, Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli idman sahəsinə göstərilən dövlət qayğısından bəhs edərək bildiriblər ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi - Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmana da xüsusi önəm verilir. Bildirilib ki, illər ötdükcə yenilənən və müasirləşən idman infrastrukturu sayəsində əhalinin müxtəlif yaş qruplarının, əsasən də gənc nəslin bu sahəyə cəlbi diqqətdə saxlanılıb, istedadlı idmançıların ölkə və beynəlxaq miqyaslı yarışlarda iştirakı təmin edilib. Pandemiyanın idman sahəsində də müəyyən durğunluğa səbəb olmasına baxmayaraq “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”n mümkün bəndləri icra olunub. Ölkə üzrə ən az yoluxma faktının qeydə alındığı muxtar respublikamızda müəyyən idman növlərinin fəaliyyəti bərpa olunub, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məşq prosesləri və turnirlər təşkil olunub.

Unikal idman məkanlarından biri kimi Atıcılıq Mərkəzinin üstünlüklərindən bəhs olunub. Qeyd olunub ki, mərkəzdə elit idman növləri sırasında yer alan stend atıcılığı, oxatma və peyntbol yarışlarının keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycan Ordusunun şanlı qələbəmizlə bitən 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, rəşadət, döyüş ruhu əhali arasında bu tipli idman növlərinə marağı artırıb. Bu tipli mərkəzlərin yaradılması gənc nəslin vətənpərlik ruhunda yetişdirilməsində önəmli rola malikdir. Yaradılan şərait imkan verir ki, mərkəz gələcəkdə beynəlxalq turnirlərə ev sahibliyi etsin. Azad Cabbarovla, Səhət Həbibbəyli iştirakçılara uğurlar arzulayıb, komandalara mükafatları təqdim ediblər.

İlk üçlükdə qərarlaşan komandalar diplom, kubok və hədiyyələrlə təltif ediliblər. Əlavə olaraq komandalara peyntbol mərmiləri hədiyyə edilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020