Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilmişdir

      8 dekabr 2020-ci il tarixdə Naxçıvan Tibb Kollecinin akt zalında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilmişdir.

Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Ayaz İsmayılov çıxış edərək bildirmişlər ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 avqust 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən keçirilən intellektual oyunun məqsədi gənclərin yol hərəkəti qaydaları ilə daha yaxından tanışlığını təmin etmək, onların bu sahədə biliklərini yoxlamaqla yanaşı, həmçinin, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaqdan ibarətdir. Çıxış edənlər yol hərəkəti qaydalarının gənclərə təbliği ilə əlaqədar növbəti aylarda da Tədbirlər Planına uyğun olaraq bu cür intellektual oyunların keçiriləcəyini, sosial şəbəkələrdə, kütləvi informasiya vasitələsində məlumat və videoçarxların paylaşılacağını bildirdikdən sonra gənclərə uğurlar arzulayaraq yarışa başlamışlar.

Ali və orta ixtisas təhsili müəssisələrinin hər birindən bir komandanın iştirak etdiyi “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilmişdir. Suallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşmiş yol hərəkəti qaydaları, həmçinin bu qaydalarla bağlı mövcud olan tarixi faktlar əsasında hazırlanmışdır. Sonda daha çox suala düzgün cavab verən Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası I yerə, Naxçıvan Dövlət Texniki Kollecinin “Mübarizlər” komandası II yerə, Naxçıvan Müəllimlər İnstitutunun “Mübariz” komandası isə III yerə çıxmışdır.

Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim edilmişdir.

Gənclər və İdman, Daxili İşlər nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunda 30 nəfər gənc iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.12.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020