Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Beynəlxalq Şahmat Festivalı sona çatmışdır

      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalı bu gün sona çatmışdır.

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində festival iştirakçılarının mükafatlandırılma mərasimi keçirilmişdir. İlk öncə Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov çıxış edərək qeyd etmişdir ki, Naxçıvanda şahmat festivalı yüksək səviyyədə təşkil olunmuşdur. 9 ildir keçirilən festival Beynəlxalq Şahmat Federasiyasının təqviminə ən yaxşı festival kimi daxil edilib. Hər il festivalda dünya və Avropa çempionları, beynəlxalq reytinqli və istedadlı gənc şahmatçılar iştirak edirlər. Bu da onu göstərir ki, beynəlxalq şahmat ictimaiyyəti festivala mühüm əhəmiyyət verir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə təşkil olunması yarışların uğurla keçirilməsinə imkan yaratmışdır. Həmçinin qeyd etmişdir ki, artıq muxtar respublikada keçirilən şahmat festivalı dünyada tanınır.

Son yarışda 360 dan arıq şahmatçının iştirakı şahmata marağın ilbəil artdığının göstəricisidir. Daha sonra Faiq Həsənov çıxışının sonunda Naxçıvanda şahmatın inkişafına göstərdiyi qayğıya və şahmatın inkişafı üçün yaradılan şəraitə görə muxtar respublika rəhbərliyinə öz minnətdarlığını bildirərək mükafatlandırma mərasimini açıq elan etmişdir.

İlk öncə C qrupu üzrə mükafatlar təqdim olunmuşdur. 12 yaşadək uşaqların turnirində birinci pillənin sahibi Rusiya təmsilçisi İlqar Məmmədov oldu. İkinci yeri həmyerlimiz Niyazi Qafarov,üçüncü pilləni isə Qazaxəstanlı Nazar Talqatov tutdular.

Yarışın "B" qrupunda qələbəni Elxan Bayramov bayram etdi. Elxan mümkün 9 xaldan 8.5 xal toplayaraq turnirin qalibi oldu. İkinci yeri Atilla Eynullayev tutdu, turnir cədvəlinin üçüncü pilləsinin sahibi isə daha bir həmyerlimiz Amil Abbasov oldu.

Beynəlxalq Şahmat Festivalının əsas qrupunda qalib adını ABŞ təmsilçisi Timur Qareyev qazandı. İkinci yeri həmyerlimiz Nicat Abbasov, üçüncü pillənin sahibi isə, gürcü qrossmeyster Tornike Sanikidze oldu.

Hər qurup üzrə ilk yerin qalibi olan şahmatçılara Azərbaycan Beynəlxalq Şahmat Federasiyasının vitse prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Təhsil Naziri Rəhman Məmmədov tərəfindən kuboklar təqdim olunmuşdur.

Bütün qaliblər isə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Sonda çıxış edən Azərbaycanın Beynəlxalq Şahmat Federasiyasının vitse prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov bütün iştirakçılara öz təşəkkürünü bildirmiş və "Naxçıvan 2019" Beynəlxalq Şahmat Festivalını bağlı elan etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.05.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019