Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş keçirilib

      Naxçıvan Dövlət Universitetində “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar burada təhsil alan Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş təşkil olunub.

Görüşdə əlamətdar tarixi günün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu və xalqımız üçün əsl qurtuluş tarixini əks etdirdiyini deyən Gənclər və İdman naziri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov ölkə müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsi və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevin bu mənada başlıca rol oynadığını vurğulayıb. Qeyd olunub ki, ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Bu siyasi xəttin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Dahi şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə aparılan ordu quruculuğu, bu sahədə yetişdirilən təcrübəli zabit heyəti və cənab İlham Əliyevin prezidentliyi dövrünün vətənpərvər gəncləri şanlı qələbədə böyük pay sahibi oldular.

Azad Cabbarov bildirib ki, muxtar respublikamızda da ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi, yüksək səviyyədə təhsil alması, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 40,5 faizi, yəni 23 min 78-i gənclərdən ibarətdir. Dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirən gənc partiya üzvləri ölkənin inkişafı yolunda əzmlə çalışır, onlara bəslənilən ümidləri doğruldaraq müxtəlif sahələrdə uğurlu işlər icra edirlər.

Gənclərin Vətənə bağlılıq, dövlətçiliyə sədaqət hisslərinin yüksəldilməsi baxımından bu cür tədbirlərin müstəsna əhəmiyyətə malik olduğunu deyən Universitetin rektoru, dosent Elbrus İsayev ölkənin taleyüklü tarixi hadisəsini dönüş nöqtəsi, böyük qayıdış və qurtuluş kimi Azərbaycanın gələcəyinə töhfə olduğunu vurğulayıb: 90-cı illərdə müstəqilliyimiz böyük təhlükə ilə üz-üzə qalmağına baxmayaraq ulu öndər Heydər Əliyevin ali xilaskarlıq missiyası ölkəni mürəkkəb vəziyyətdən çıxardı. Yeni siyasi era – inkişaf yolunun əsası qoyuldu.

Rektor bildirib ki, ümumilli lider gənc milli kadrların hazırlanması işinə xüsusi önəm verib, onları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. Həmin gənclərin savadlı və istedadlı fərd kimi formalaşması üçün müxtəlif nüfuzlu elm ocaqlarında təhsil almaları, önəmli mövqelərdə dövlətə, xalqa xidmət etmələrinə bilavasitə kömək olub. Hazırda ölkəmizdə və onun ayrılmaz tərkib hisssəsi Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti uğurla davam etdirilir. Elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrin inkişafı istiqamətində atılan addımlar nəticəsində istedadlı gənc kadrlar formalaşıb. Maddi-texniki bazası, təhsil mühiti və bir çox meyarlarına görə universitetimiz qabaqcıl təhsil ocağı kimi öz mövqeyini gücləndirib. Göstərilən diqqət və qayğı, yaradılan şərait onu deməyə əsas verir ki, gələcək istiqamətlər üzrə işlər uğurla davam etdiriləcək.

YAP Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev ulu öndər Heydər Əliyevin liderlik xüsusiyyətləti mövzusunda, universitetin gənc partiya üzvü Lalə Rzayeva gənclərə yaradılan şərait və karyera istiqamətləri barədə danışıb.

Tədbir NDU-nun Konservatoriyasında ilk dəfə yaradılan Estrada-Caz Orkestrının Milli Qurtuluş Gününə həsr olunan konserti ilə davam edib. Sonra Universitetin YAP sıralarına yeni qoşulan tələbələrinə üzvlük vəsiqələri verilib, ali təhsil müəssisəsinin ictimai, təhsil, incəsənət və idman sahələrində fərqlənən gənclərə nazirliyin diplom və qiymətli hədiyyələri təqdim olunub.

Tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatı tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
09.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020