Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda keçirilən “Marş İrəli” layihəsi sona çatıb

      Layihənin sonuncu günü iştirakçıların hərbi paradı, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulovanın təqdimatında "İnformasiya müharibəsi" adlı təlim, maneəli qaçış və avtomatla virtual atıcılıq yarışları reallaşıb.

Tədbirin bağlanış mərasimində aparıcı bildirilib ki, muxtar respublikamız gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə uğurla ev sahibliyi etdi. 5-9 sentyabr tarixlərini əhatə edən layihə 100 nəfər fəal gənci öz ətrafında topladı. Onların hərb sənətinə marağını artıracaq maraqlı tədbirlər təşkil olundu. Tariximizin və milli mənəvi dəyərlərimizin dərindən öyrənilməsi məqsədilə müxtəlif ekskursiyalar, müzakirə və təqdimatlar reallaşdı. "Əlbəyaxa döyüş", " İnformasiya müharibəsi" və ən əsası hərbi vətənpərvərlik mövzularını əks etdirən təlimlər şübhəsiz ki, gənclərimizin bilik və bacarıqlarının artırılmasına hesablanmışdı. Qeyd olunub ki, 5 gün boyunca Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti, təşkilatçı qurumlarla birgə layihənin uğurlu icrası üçün maksimum səylə çalışdı. Hərbi silah və texnikalarla tanışlıq, pilotların nümunəvi uçuşları, eləcə də əsgər və zabitlərimizin peşəkar döyüş təlimləri "Marş İrəli"yə xüsusi rəng qatdı.

"İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı layihənin Naxçıvanda reallaşan 4-cü mövsümünün öncəkilərdən fərqləndiyi diqqətə çatdırıb, təşkilati dəstəyə görə minnətdarlığını ifadə edib. Təşkilatçı qurumlara “Təşəkkürnamə”lər təqdim edilib. Sonra mükafatlandırma mərasiminə başlanılıb. Yekun nəticələr 5 gün ərzində təşkil olunan təlimlər, yarışlar və komanda təqdimatlarında fərqlənmə, qalibiyyət, ümumilikdə nizam-intizam, aktivlik və dözümlülük meyarlarına əsasən hesablanıb. Əldə etdiyi uğurlarla digərlərini geridə qoyan “Şahbulaq” komandası qalib adına layiq görülüb. “Murov” və “Kərkicahan” müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.

Layihə iştirakçılarına sertifikatlar verilib. İlk üçlükdəki kollektivlər kubokla mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
09.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021