Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan MR Futbol Federasiyası - 2019 - Faktlar

Futbol məbədində başlayan yeni hekayə! (ilk səhnə - 2019)

Dünyanın ən populyar və sevilən idman növünün Naxçıvandakı 52 illik yaşam qaynağı sözsüz ki, onu bu günədək yaşadanların əsəridir. Sələflərin təməl addımlarının buraxdığı izlər – mübarizə, futbol eşqi və gələcəyə ümidlərlə cızılan tablo xələflərin əlində gələcəyə daşınır. Bu ali yolda futbol adamları və azarkeşlərin əsas qayəsi bölgənin futbol nüfuzu və ümumilikdə Naxçıvan futbolunun yüksəlişinə töhvə verməkdir. Naxçıvan Futbol Federasiyası yeni tərkibi ilə, sadalanan amillərə inanan və dəstək olan futbol ictimaiyyətinin birliyinə güvənərək bu önəmli missiyasının məsuliyyətini üzərinə götürdü. Qayğıların çoxluğu ilə bərabər, bu çətin yolda ilkin inkişaf cücərtiləri və hətta gözləntilərin bəhrəsini də görmək mümkündür. Xülasə, qədim diyarın futbol həyatı üçün yeni əsrin 19-cu ili bir çox əlamətdar hadisələrlə yadda qaldı. Yeni dönəmdə baş verən önəmli hadisələrin, atılan addımların say və xronologiyası yox, birbaşa əhəmiyyəti barədə danışaq.

“Futbol məbədi”ndə atılan təməl

İyun ayında federasiyada yeni bir dönəm başladı. Ali Məclis Sədrinin və futbol ictimaiyyətinin etimadını doğrultmaq, bölgədə futbolun yüksəlişinə nail olmaq üçün məqsədyönlü plan və strategiya hazırlandı. Struktur dəyişikliyindən sonra edilən yeni təyinatların açıqlanması ilə bərabər 5 illik inkişaf proqramı da təsdiq olundu. Təcrübəli futbol mütəxəssisi Əsgər Abdullayev və digər futbol adamlarından ibarət heyətin qarşısına mühüm hədəflər qoyuldu. Uşaq futboluna daha çox önəm verildiyi proqramda futbolun bütün sahələrinin inkişaf strategiyası müəyyənləşdi. Beləliklə, yeni bir inkişaf mərhələsinin təməli məhz Naxçıvanın futbol məbədində - Muxtar Respublika Stadionunda atıldı.

Ölkənin bir nömrəli futbol qurumu ilə əməkdaşlıq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlıq əlaqələri baxımından da səciyyəvilik məhz bu mərhələdən başlandı. AFFA bölgədə futbolun inkişafına dəstək olmaq niyyətini dəfələrlə nümayiş etdirsə də, yalnız struktur dəyişikliklərindən sonrakı sıx əməkdaşlıq əlaqələri nəticəsində geniş anlamda Naxçıvan futbolunun inkişafı və ölkə müstəvisində irəliləyişinə öz töhfəsini verməyə başladı. Ötən illər ərzində qurumun əməkdaşlarını yalnız ölkə əhəmiyyətli yarışlarda Naxçıvanda görmək mümkün idisə, artıq yeni dönəmdə onları daha tez-tez görməyimiz də alışqanlığa çevrilib. Çempionat və turnirlər, layihələr, kurslar, seminarlar, və s. kimi önəmli işlərdə AFFA-nın dəstəyi danılmaz fakta çevrilib. Təbii ki, bu amil qurumun tanıtım devizininin real təcəssümüdür: “Biz birlikdə güclüyük!”

AFFA ilə yanaşı qeyd etmək lazımdır ki, bu sahədəki işlərin icrasında yaxından iştirak edən və dəstək olan Naxçıvan MR Gənclər və İdman Nazirliyi, eləcə də Naxçıvan MR Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyası ilə də sıx əməkdaşlıq əlaqələri var.

Əsgər Abdullayev imzası

Federasiyada böyük məşqçi təyin olunması ilə yanaşı, Azərbaycan futbolunun tanınan siması üçün “Araz-Naxçıvan” sevdası da təzələndi. Muxtar Respublika təmsilçisi ilə I Divizionun qələbə sevincini yaşayan və çoxsaylı uğurlara imza atan Əsgər Abdullayev doğma məkana qayıdışını “qol”lla qeyd elədi - köhnə komandasının yeni müqaviləsinə imzasını atan futbol adamı bir daha kluba bağlılığını göstərdi. Bu portret nostalji anları xatırladaraq Naxçıvan futbolunun flaqmanını uğurlu gələcəyə kökləyirdi... Federasiyanın böyük məşqçisi kimi isə o, eyni zamanda muxtar respublikanın uşaq futbolunda fəaliyyət göstərən məşqçilərin işinə nəzarəti həyata keçirmək, bu mənada yeni təyinatlar vermək və digər səlahiyyətləri ilə bərabər Naxçıvan futbolunun inkişafında əsas məsuliyyət sahiblərindən biridir.

Futbolun böyük gələcəyi - balacalar!

Dünən üçün gec olsa da, bu günün işini sabaha saxlamaq olmaz. Ümid və gözləntilər gələcək üçün yaratdığımız zəruriyyətdən asılı olaraq dəyişir. Futbol da belədir – bir yerdən başlayaraq dünənin peşmançılıqla nəticələnməməsi üçün qətiyyətli addımlar atmaq məcburiyyətindəsən ki, sabahın ümidləri ilə səni həyata bağlasın. Hər yeni bir gün də yeni zəruriyyət yaradır. Zənnimcə, bu səbəblə də hər sahənin inkişafı üçün uzun müddət tələb olunur. Görünən odur ki, futbolda zaman anlayışının mahiyyəti hər ötən il daha da aşkar şəkildə deşifrə olunur. Açar sözlərdən biri də “uşaq futbolu”dur.

Qeyd olunan kimi NFF-nin 5 illik inkişaf proqramının əsas qolunu uşaq futbolunun yüksəlişi təşkil edir. Məqsəd Naxçıvanda top qovan azyaşlı və yeniyetmələrin peşəkar istiqamətlərdə irəliləməsini təmin etməkdir. Onları həvəsləndirmək, uğurlu yola yön almaları üçün inam bəxş etmək və hədəfləri müəyyən etmək üçün bu sahədə məşqçilərin və valideynlərin də üzərinə önəmli məsuliyyət düşür. Yəni, bu faktorların ətrafında sıx birləşərək istəyimizə nail ola bilərik. İlkin addımlara gəlincə, ölkədə uşaq futbolunun gələcək inkişafına mühüm dəstək olan “Elit məşq” layihəsinin muxtar respublika üçün lisenziyalı məntəqəsi ayrıldı. NFF-nin sədr müavini, UEFA “B” kateqoriyalı məşqçi, Sakit Rzayev və köməkçisi Bəhruz İsazadənin məşqçiliyi ilə 2005-2007 və 2008-ci il təvəllüdlü futbolçulardan ibarət qruplarda aşağı yaş milli komandaların plan və proqramlarına uyğun məşqlər keçirilməyə başlanıldı. AFFA-nın bu layihəsinin məqsədi istedadlı futbolçuları kəşf edərək onları gələcəkdə müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarımızın heyətində çıxış edəcək səviyyədə formalaşdırmaqdır.

“Qızlar bacarır” layihəsi çərçivəsində seminar, “D” kateqoriyalı məşqçilik kursu “Uşaq futbolunda məşqçilik” anlayışının aşılanması və bu sahədə biliklərin, bacarıqların artırılması baxımından önəmli oldu. Bu həm də, həmin tədbirlərə qatılan fiziki tərbiyə müəllimləri və məşqçilər üçün futbol təhsili almaq anlamında əhəmiyyətli idi.

UEFA-nın uşaq futbolu ilə bağlı layihəsi – “Grassroots” proqramına əsasən ölkə ərazisində “Kütləvi futbol həftəsi” (Grassroots week) və eyni zamanda proqrama daxil olan “Futboldan həzz al” (“Enjoy with football”) layihəsi reallaşdı. Kütləvi futbol həftəsi payxtaxt Bakı və bölgələrlə yanaşı ilk dəfə olaraq Naxçıvanı da əhatə etdi. 100-ə yaxın məktəbli futbolun sevinc və əyləncə dolu anlarını yaşadı, maraqlı oyunlarda öz istedadlarını göstərdi. Mərkəzi arena rəngli görüntüləri ilə balacalara futbol bayramı yaşatdı. Bayrama xas jest – uşaqların hər birinə layihəni əks etdirən geyim və toplar hədiyyə olundu.

İlin ən maraqla gözlənilən hadisəsi isə oktyabr ayına təsadüf etdi. Muxtar respublikamız 13-14 yaşlı futbolçular arasında “Nakhchivan CUP-95” beynəlxalq turnirinə ev sahibliyi etdi. Bölgənin uşaq futbolunda bu bir ilk idi. Seleksiya xarakterli turnirin ardından heyəti formalaşdırılan Naxçıvan yığması (Araz-Naxçıvan) ilə yanaşı Özbəkistan təmsilçiləri "Əndican"la "Qaraqalpakstan", Ağdamın “Qarabağ” və Bakının "Rekord" komandaları turnirdə iştirak etdi. Şübhəsiz ki, nəticələrdən asılı olmayaraq hər bir komanda üçün oyun təcrübəsinin zənginləşdirilməsi baxımından turnirin önəmi yüksək idi. Xüsusən də, Naxçıvanın müxtəlif məşq qruplarında yer alan azyaşlı futbolçularının bir komandada ortaq hədəf üçün mübarizə aparmaları, yarış həyəcanı yaşamaları gələcək məqsədlər üçün olduqca əhəmiyyətli idi.

Region Liqa Naxçıvan Zonasında (MR Çempionatı) NFF tərəfindən tədbiq olunan yaş limiti nəticəsində azyaşlı və yeniyetmələrin də komandaların heyətinə düşmək şansı artdı. Nəticədə gələcək vəd edən yeni simalar da meydanda öz istedadını nümayiş etdirmək imkanı qazandı.

Futbolun ədalətini qorumaq missiyası

Bu böyük oyunun ən önəmli sahələrindən biri də hakimlikdir. Meydanda hakim varsa, deməli qayda və qanunlar da var. Onlar futbolun 17 əsas qanunu və qaydalarının icrasına nəzarət edən məsuliyyət sahibləridir. Naxçıvan futbolunu izləyənlər yaxşı bilir ki, bu zamanadək bölgədə təşkil olunan yarış və turnirlərin hakimlik missiyasını cəmi 3-5 nəfər icra edirdi. Oyun idarəçiliyi bir yana, illər boyu eyni simaların meydanda olması və hətta elə yaşıl sahələrdə saç ağartması bu sahənin inkişafdan kənarda qalması, kadr ehtiyatının məhdud olması demək idi. Bu və digər labüd səbəblərlə də, NFF ilk növbədə bu sahədəki boşluqların aradan qaldırılması üçün hakimlik kurslarına start verdi. İlk vaxtlar 10, daha sonra isə 30-a yaxın iştirakçı sayı ilə Naxçıvanın futbol və futzal hakimliyində yeni bir era başlandı. Onların arasında tələbələrin timsalında gənclərin üstünlük təşkil etməsi də sevindirici məqamlardandır.

Bu işə dəstək olaraq onların təhsilini öz üzərinə götürən AFFA ay ərzində bir neçə dəfə təcrübəli hakim və mütəxəssislərini bura yönləndirdi. Tanınmış futbol hakimlərimiz Anar Salmanov, Ceyhun Haşımov, Vüsal Əliyev, Elçin Məmmədov və digərləri kursun hakimləri üçün seminarlar, taktiki-texniki məşqlər, video-analizlər vasitəsilə öz bilik və təcrübələrini aşıladılar. AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuxlikin Naxçıvana gəlişi və yerli hakimlərin hazırlıq səviyyəsi ilə tanış olaraq onlara seminar keçməsi ilə bağlı hadisələr bu sahəyə yüksək dəyər verilməsini bir daha bəyan etdi. Naxçıvan hakimlərinin qarşısına yüksək hədəflər qoyulub. Nəzərə alsaq ki, oyunlara təyinat verən mütəxəssislər hakimlərimizin oyun idarəçiliyini yaxından izləyir, deməli onlar üçün karyera imkanlarını artıracaq zəruriyyət və ya şans çox yaxındadır. Yaşıl işıq yanır, istiqamətsə bəllidir. İnanırıq ki, daha çox çalışmaq, öyrənmək, bilikləri doğru tədbiq etmək və hədəf qurmaqla hakimlərimiz bu yolda istənilən məsafəni qət edə biləcəklər.

İlk futzal liqamız - NFL

Naxçıvanda futbol oynamağı bacaran və ya sadəcə futbol həvəskarlarından ibarət böyük əksəriyyət balaca meydanlarda (süni örtüklü meydança, futzal) öz asudə vaxtını dəyərləndirməklə möhtəşəm oyunun həzzini çıxarmağa çalışdığı bir dövr hər halda uzun illərlə ölçülər. İstər paytaxt, istərsə də bölgə əhalisi get-gedə artan mini futbol meydançaları və idman zalları vasitəsilə yaradılan əlverişli şəraitdən lazımi şəkildə faydalanaraq sevimli məşğuliyyətini günümüzə daşıdı. Muxtar respublikada illərdir formalaşan sağlamlıq mühitində futbolla nəfəs alanlar üçün ən gözəl xəbərlərdən biri şübhəsiz həvəskarlar arası Naxçıvan Futzal Liqasının (NFL) yaradılması oldu. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təklif olunan dövlət və özəl təşkilatlar arasında keçiriləcək yarış AFFA, AFF və NFF-nin təşkilatçılıq işlərinə qoşulması ilə bərabər UEFA-nın qeydiyyatına düşən Azərbaycanın futzal liqalarından birinə çevrildi. Liqadakı oyunların hakim idarəçiliyi, protokollaşma və digər təşkilati məsələlərlə bağlı AFFA nümayəndəsinin Naxçıvana səfərləri, futzal hakimliyi ilə bağlı keçirilən seminar və məşğələlər, Nizam-İntizam Komitəsinin oyunlarla bağlı qərarları, böyük azarkeş marağı, peşəkarlıq yolunda səy göstərən komandalar, həyəcan dolu matçlar və tanıtım işləri NFL-in qısa zaman ərzində populyarlaşmasına səbəb oldu.

24 komandanın iştirakı ilə keçirilən bu uzunmüddətli liqa ilə yanaşı ilk dəfə olaraq “Badamlı – Naxçıvan Kuboku”nun da start götürməsində maraqlı məqamlar var. Aparılan danışıqlara cavab olaraq “Naxtel MMC”nin uşaq futboluna dəstəyi və bu sahədə sponsorluq razılaşmasının ardından, “Gəmiqaya Mineral Sular MMC”-nin də hakimlərin inventarlarla təchizatına köməklik göstərməsi və futzal kubokuna sponsorluq etməsi Naxçıvan futboluna olan sevginin və dəstəyin təcəssümü kimi təqdirəlayiq haldır. Naxçıvan Kubokunda rəqabəti artıran və ən vacib amil isə bu mübarizədən sonra iki komandanın muxtar respublikamızı Azərbaycan Kubokunda təmsil etmək şansını qazanmasıdır.

Sərhəddə baxımlı arena

Muxtar respublikada həyata keçirilən geniş tikinti-quruculuq işlərinin idman sahəsini də əhatə etməsi bu sahəyə göstərilən qayğının göstəricisidir. Ürəkaçan görüntü, ümidlərə də yelkən olur. Muxtar Respublikanın rayon, kənd və qəsəbələrində futbol arenalarının yenilənməsi və ya təmiri prosesləri ildən ilə daha da artır. Üç dövlətlə sərhəddə yerləşən Sədərəkdə futbolun inkişafına töhfə olan yenilik rayonun mərkəzi stadionunda təmir-bərpa işlərinin aparılması oldu. Nəticədə əlverişli şəraitə malik daha bir idman mərkəzi istifadəyə verildi.

Uzunluğu 110, eni isə 70 metr olan təbii ot örtüklü stadionun ərazisində 120 nəfərlik oturacaqlar quraşdırılıb və azarkeşlərin rahatlığı üçün oturacaqların üstü xüsusi materialla örtülüb. Stadionun ərazisində futbolçular üçün soyunub-geyinmə otaqları, hakim otağı və hamamlar inşa edilib. Bununla yanaşı, stadionun ərazisində basketbol meydançası da inşa edilib və idman qurğuları quraşdırılıb, stadionun ətrafında olan ad göstəriciləri yenilənib. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.

Tarix ətirli, bol xatirəli, “üçrəngli gün”ün matçı

Həmin gün doğma şəhərin gözəlliyi, təmizliyi və sabitliyini “yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim” hər yandan qürurla izləyirdi. Arenada səslənən könlümüzün şah əsəri – dövlət himnizin sədası anlamı böyük günün, həm də dəyəri böyük olan matçına anons oldu. Səbirsizliklə gözlənilən “9 Noyabr - Dövlət Bayraq Günü”ndə məhz bu xüsusi tarixə həsr olunan dostluq matçının qəhrəmanları meydana daxil oldu. “Köhnə futbol”çularımızın unudulmadığı, dəyərinin itirilmədiyi mühitdə eynilə əvvəlki vaxtlarda olduğu həyəcan və maraq var idi. Bir tərəfdə “Azərbaycan” millisi, bir tərəfdə “Araz Naxçıvan”, dörd bir yanda isə onları izləyən tribunalar. Bol qollu olmasa da baxımlı, dostluğa yaraşan bir matç izlədik. Oyunu qısa təsvir etsək, qarşılıqlı hücumlarla zəngin qarşılaşmanın taleyini 2 qol həll etdi. İlham Yadullayevlə (Azərbaycan millisi) Yunis Məhərrəmovun (Araz-Naxçıvan) qapıya yol tapması ilə bərabər matç yoldaşlıq görüşünə xas nəticə ilə yekunlaşdı.

Oyun sonrası futbolçularımız üçün təşkil olunan banket tədbirində isə artıq xatirələr danışdı. Sadəcə futbol oynamaqla deyil, keçmişlə bağlı yadda qalan anların dilə gəldiyi, gələcək potensialların müzakirə olunduğu səmimi mühit futbol tariximizin bugünü və sabahı üçün birlik və bərabərlik örnəklərindən birinə çevrildi.

Avropada Naxçıvanı vəsf edən klub

2017-ci il sentyabrın 12-də Dünya Azərbaycanlıları Assambleyası tərəfindən Almaniyanın Köln şəhərində yeni futbol komandası təsis olundu. "AZE-Nakhchivan SK" adı ilə fəaliyyətə başlayan klub nəhayət, 2019-cu ildə Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alındı. Klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunub-geyinmə otağı fəaliyyət göstərir. Komandanın adının Naxçıvanla bağlı olmasına əsas səbəb blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır. Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin zəngin tarixə, mədəniyyətə, turizm və iqtisadi imkanlara malik bu bölgəyə avropalıların diqqətini cəlb etmək, eyni zamanda peşəkar futbol klubu kimi Avropada Azərbaycanı layiqincə təmsil etmək niyyətində olduqları barədə fikirləri naxçıvanlı futbolsevərlər tərəfindən də rəğbətlə qarşılandı.

Onu da deyək ki, 15 fevral 2020-ci ildə "AZE-Nakhchivan SK" –nın təqdimat mərasimi də keçiriləcək. Azərbaycan, Türkiyə Almaniya və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, mediası təmsilçiləri, ictimai-siyasi xadimlər və incəsənət adamlarının iştirakı ilə reallaşacaq tədbirdə klubun planları haqqında məlumat veriləcək. Həmçinin klubun forması və saytı təqdim olunacaqdır.

Emil Səmədov
NFF-nin İnformasiya və İctimaiyyətlə
Əlaqələr Departamentinin direktoru


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020