Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kollegiya iclası keçirilmişdir

      Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2019-cu ildə öz işini təsdiq olunmuş iş planına və verilmiş tapşırıqlara əsasən qurmuş, ötən dövr ərzində nazirlik gənclərlə iş və idman sahəsində 626 tədbir icra etmişdir ki, bunlardan 240-ı gənclərlə iş, 386-sı isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə etmişdir.

Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Nazir bildirib ki, dövlət gənclər və idman siyasəti muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında uğurla həyata keçirilir. 2019-cu il ərzində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması, gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə edilməsi, yaradıcı düşünən, sağlam gənclərin yetişdirilməsi və onların ordu sıralarına hazırlanması, silahlar haqqında bilik və bacarıqlarının artırılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi idman oyunu, gənclər arasında “Hədəf” adlı atış təlimi keçirilmiş, “Vətənpərvərlik nümunəsi” adı altında videoçarx çəkilmiş, “Şahin” və “Sərhəd” hərbi idman oyunlarının muxtar respublika birincilikləri keçirilmiş, “Şahin” hərbi idman oyununun final mərhələsində muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin edilmişdir. “2 fevral-Gənclər Günü” və “8 mart-Beynəlxalq Qadınlar Günü”, “22 iyul-Milli Mətbuat Günü”, “31 dekabr-Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeniyetmə və gənclərin, həmçinin qadınların və gənc jurnalistlərin mükafatlandırılması mərasimləri keçirilmiş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün qış və yay məktəbləri təşkil olunmuş, yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın rayon (şəhər) birincilikləri və muxtar respublika birinciliyi keçirilmiş, ali və orta ixtisas təhsili müəssisələrində Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin iştirakı ilə “Tarixə ekskursiya” adlı layihə həyata keçirilmiş, Atcılıq İstirahət Mərkəzi və “Saat Meydanı” turistik istirahət mərkəzində gənclər arasında “Axtar-tap” intellektual oyunları, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyaları, “Muxtar respublikanın ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsi keçirilmişdir.

Gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Heydər Əliyev kuboku” təşkil edilmiş, ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatları arasında “İntellekt Döyüşü” adlı layihə, gənclər arasında “Xəmsə” Milli İntellektual Oyununun XI Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika zona mərhələsi keçirilmiş və çempionatda Naxçıvan Muxtar Respublikasını təmsil edən komandaların iştirakı təmin edilmiş, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” Strateji İntellekt Oyunu üzrə “Universiada” keçirilmiş, Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin edilmişdir.

Nazir diqqətə çatdırıb ki, gənclərlə iş sahəsində yeni layihələrin tətbiqi diqqətdə saxlanılmış, gənclərin əsgər və zabitlərlə görüşü keçirilmiş, “Yaradıcı Gənclər Festivalı”, sağlamlıq imkanları məhdud uşaqlarla “Birlik” adlı əyləncəli tədbir təşkil olunmuş, Şahbuz rayon “Ahıllar Evi”ndə “Bir səbət təbəssüm” adlı layihə keçirilmiş, gənclərə “Mən də proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlimləri, “Özgüvənin həyatımızda rolu” mövzusunda seminarlar təşkil olunmuş, “22-aprel Beynəlxalq Yer Kürəsi Günü” “5-iyun Ətraf Mühitin Mühafizəsi Günü”, ilə əlaqədar təmizlik və yaşıllıqlara qulluq aksiyaları, “10-17 noyabr-Beynəlxalq Gənclər Həftəsi” ilə əlaqədar müsabiqə və yarışlar keçirilmiş, ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” layihəsi adı altında Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunmuşdur.

Vurğulanıb ki, 2019-cu ilin I yarımilində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının yekun iclasları təşkil edilmiş, Futbol və Kikboksinq Federasiyalarının strukturunda dəyişiklik edilərək yeni federasiya sədri təyin olunmuşdur. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks, cüdo üzrə Naxçıvan şəhər açıq birincilikləri, rayon və şəhər açıq birincilikləri, yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birincilikləri keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar muxtar respublikada “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı, futbol üzrə Azərbaycan kubokunun final oyunu, kikboksinq, karate-do və cüdo üzrə Beynəlxalq turnirlər keçirilmiş, “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında boks, futbol, karate-do, kikboksinq, sərbəst güləş, kişilər arasında voleybol, basketbol, sağlamlıq imkanları məhdud şəxslər arasında futzal, hüquq mühafizə orqanlarının əməkdaşları arasında peyntbol üzrə Naxçıvan Muxtar Respublika turnirləri keçirilmiş, Türkiyə və Naxçıvan alpinistlərinin həmçinin, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş təşkil olunmuş, Muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında futzal liqası, Naxçıvan Muxtar Respublika XVII Futbol çempionatının II dövrə oyunları, XVIII Futbol çempionatının I dövrə oyunları təşkil edilmiş, “İdman hamı üçün” şüarı altında “Azərbaycan Olimpiya Odisseyası” adlı tədbir, muxtar respublikada fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə “D” kateqoriyalı məşqçi kursu, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birincilikləri, futbol hakimləri üçün seminarlar, Şərur rayon Ağır Atletika bölməsində bodibildinq üzrə Bakı şəhərindən dəvət olunmuş məşqçi-müəllim tərəfindən idmançılar üçün seminar, Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri Naxçıvanda bədii gimnastika üzrə təlim-məşq toplanışı, suni divara dirmanma üzrə təlim-məşq toplanışı, Şərur Olimpiya İdman Kompleksində 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının təlim-məşq toplanışı, “Nakhchivan CUP-95” beynəlxalq turniri keçirilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində, İlham Əliyev adına Olimpiya İdman Kompleksində və Sədərək rayon Mərkəzi Stadionunda yenidənqurma işləri aparılmışdır.

Diqqətə çatdırılıb ki, 2019-cu il ərzində idmançılarımız ölkə birinciliklərində 179, beynəlxalq turnirlərdə 165, dünya çempionatında 5, Avropa çempionatında 20 medal olmaqla, cəmi 369 medal qazanmışlar.

Sonda Azad Cabbarov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinə verilmiş tapşırığa əsasən muxtar respublikada olan idman infrastrukturundan istifadəyə və onların qorunub saxlanılmasına, gənclərlə iş sahəsində fəaliyyətə diqqət artırılmalı, idman federasiyaları ilə əlaqələr gücləndirilməli, yarışlar keçirilməli, idmanın kütləviliyinə nail olunmalıdır. Həmçinin 2020-ci il ərzində də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə qarşıya qoyulmuş tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini özünün gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşdirməli, qarşıdakı dövrdə işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmalı, nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməli, idman və gənclərlə iş sahəsində tədbirlərin səviyyəsini daha da yüksəltməlidir.

2020-ci ildə qarşıda duran vəzifələrdən də geniş bəhs olunduğu kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri Ayaz Cabbarov, Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynovun çıxışları olub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020