Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər “Duz Muzeyi” ilə tanış olublar

      Muxtar respublikanın turizm imkanlarının gənclərə tanıdılması və təbliği məqsədi ilə 10 mart 2021-ci il tarixdə gənclərin Naxçıvan şəhərindəki “Duz Muzeyi”nə ekskursiyası təşkil olunmuşdur.

Muzeyin bələdçisi bildirmişdir ki, Naxçıvan Duz Muzeyi xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının bir ifadəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb, 2018-ci il aprel ayının 25-də isə istifadəyə verilib. Muzeyin ekspozisiya zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Duz Muzeyinin yaradılması haqqında Sərəncamı, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları nümayiş olunur. Bu materiallardan “Duzun dəyəri” adlı reportaj və “Naxçıvanda allerqoloji mərkəz” adlı məqalə XX əsrin 70-ci illərində buraya gələn xarici jurnalist tərəfindən yazılıb və onların hər ikisində maraqlı məlumatlar öz əksini tapıb. Muzeydə eramızdan əvvəl IV-III minilliklərə aid daş əmək alətləri həm forması, həm də işlənmə xüsusiyyətlərinin müxtəlifliyi ilə seçilir. Bu alətlər Duzdağ mədənində duz süxurlarının parçalanması, duzun döyülərək narın hala salınması üçün istifadə edilib. Eradan əvvəl IV-II minilliklərə aid daş çəkiclər isə muxtar respublikamızda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığı təəssüratını yaradır. Daşdan və gildən, keramika və misdən hazırlanmış duz qabları, duz saxlamaq üçün istifadə olunan gil küpələr, daş alətlər, çapacaqlar, duz torbaları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirən dəyərli eksponatlardır.

Duzdan hazırlanmış və üzərində “Məhəmməd” və “Əli” sözləri yazılmış “Qurani-Kərim” İslama verilən böyük dəyərin ifadəsi olaraq muzeydə yer alır. Naxçıvan duzunun tərkibi haqqında məlumat da burada nümayiş olunur. Diyarımız duzla bağlı inam və adətlərlə zəngindir. Muzeydə bu barədə şifahi xalq ədəbiyyatı nümunələri də nümayiş etdirilir. Eksponatlar sırasında yer alan, narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları, əsasən, ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Duz torbalarının üzərində müxtəlif həndəsi və nəbati naxışlar öz əksini tapıb. Azərbaycan Respublikasının Dövlət Bayrağının duzdan hazırlanmış maketi və daşduzdan hazırlanmış əl işləri də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirən “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin duz üzərinə işlənməsi, eləcə də muzeydə sərgilənən duzdan hazırlanan əl işləri keramikaçı – rəssam Ədalət İsmayılova məxsusdur.

15 nəfər könüllü gəncin iştirak etdiyi ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.03.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020