Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda keçirilən “C” kateqoriyalı məşqçi kursunun
lisenziyaları təqdim olunub

      Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında məşqçilik kursunu uğurla başa vuran iştirakçılara lisenziyaların təqdim olunması mərasimi keçirilib.

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov bildirib ki, idman sahəsində ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, təcrübəli mütəxəssislərin bu prosesə cəlb olunması məsələləri muxtar respublikada diqqət mərkəzində saxlanılır. Müvafiq tapşırıqlara uyğun olaraq ixtisasartırma kursları, taktiki-texniki seminarlar, aidiyyəti qurumlarla təcrübə mübadiləsi aparılır. Naxçıvan Futbol Federasiyasının (NFF) sədr müavini Sakit Rzayev son illər bölgənin futbol həyatındakı yeniliklərin bu sahənin inkişafına mühüm töhfə olduğunu vurğulayıb. O, deyib ki, ötən dövr ərzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə qurulan uğurlu əməkdaşlıq sayəsində məşqçi və hakimlərimizin futbol təhsili təmin olunub. Nəticədə onların bilik və bacarıqları artıb, karyera baxışları müsbət mənada dəyişib. “C” kateqoriyalı məşqçi kursu peşəkarlıq yolunda ilkin mərhələdir. Ümid edirəm ki, məşqçilərimiz onlara yaradılan şəraiti yüksək dəyərləndirib, göstərilən etimadı doğruldacaqlar. AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov kursun məqsəd və vəzifələrini iştirakçılara xatırladaraq deyib ki, uşaq futbolunda çalışan məşqçinin üzərinə böyük məsuliyyət düşür. Biz ilk növbədə cəmiyyətə futbolçu nümunəsində mənəvi-əxlaqi keyfiyyətlərə malik, Vətəninə, millətinə bağlı insan qazandırmalıyıq. Uşaqlara öz futbol təcrübəmizi aşılamaqla bərabər, onların psixoloji cəhətdən inkişafına qatqı verməliyik. AFFA-NFF əməkdaşlığı və bölgədə idmanın inkişafı üçün atılan addımlar sayəsində Naxçıvan futbolunun ildən-ilə inkişaf etdiyini bildirən Aslan Kərimov yeni yaradılan Uzunoba Təlim-Məşq İdman Kompleksinin gənc məşqçilər üçün faydalı olacağını deyib. Çıxış edənlər məşqçiləri təbrik edib, uğurlar arzu ediblər. Çıxışların ardından, kursu müvəfəqiyyətlə bitirən iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib. Xatırladaq ki, AFFA-nın dəstəyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kursa ötən ilin sentyabr ayında start verilib və fasilələrlə 3 modul şəklində icra olunub.

Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020