Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Ümumilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi”
mövzusunda onlayn konfrans keçirilib

      Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirin məqsəd və əhəmiyyətindən danışıb, ulu öndərin Azərbaycan gəncliyinin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, Heydər Əliyev siyasi kursunun nəticəsidir ki, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir, xüsusi qayğı ilə yanaşılır, cəmiyyətin aparıcı qüvvəsi kimi geniş imkanlarla əhatə olunurlar. Azərbaycanda gənclər siyasətinin ölkə başçısı tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyən İntiqam Babayev 44 günlük Vətən müharibəsində gənclərin istər döyüş meydanında, istərsə də arxa cəbhədə birlik nümayiş etdirərək qələbəyə töhvə verməsini Vətənə, dövlətə sədaqət nümunəsi kimi dəyərləndirib.

Sonra Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxışında bildirib ki, ulu öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncləri bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verirlər. Ümummilli liderin ölkəyə rəhbərliyi dövründə aparılan ordu quruculuğu, bu sahədə yetişdirilən təcrübəli zabit heyəti və cənab İlham Əliyevin prezidentliyi dövrünün vətənpərvər gəncləri şanlı qələbədə böyük pay sahibi oldular. Azad Cabbarov qeyd edib ki, muxtar respublikamızda da ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Gənclərlə bağlı həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, bu gün gənclər öz intellektual səviyyələri, bilik və bacarıqları ilə seçilir, mötəbər tədbirlərdə xalqımızı layiqincə təmsil edir, beynəlxalq idman yarışlarında Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar. Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsi bu sahədə həyata keçirilən işlərin nəticəsidir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransda fondun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, gənclər təşkilatları nümayəndələri, ictimai-fəal gənclərin də iştirak etdiyi onlayn konfransda ümummilli liderin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarxlar izlənilib, sonda isə “Ulu Öndər” sənədli filmi nümayiş etdirilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020