Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ekskursiya təşkil olunmuşdur

      10 dekabr 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” layihəsi çərçivəsində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunmuşdur.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək bildirmişdir ki, gənclərin mütəmadi olaraq muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, muzeylərə, tarixi yerlərə ekskursiyaları təşkil edilir. Bu da muxtar respublikanın turizm potensialının təbliği ilə yanaşı, gənclərin tarixi keçmişimizi öyrənməsi işində də böyük əhəmiyyət kəsb edir. Bugünkü ekskursiyanın təşkil olunmasında da məqsəd Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə qəbul olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdən, muxtar respublika ilə əcnəbi tələbələrin yaxından tanışlığını təmin etməkdən ibarətdir. Daha sonra Kompleksin bələdçisi məlumat verərək bildirmişdir ki, Naxçıvanda yerləşən Əshabi-Kəhf mağarası təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı Qurani-Kərimdə də Əshabi-Kəhfin adı çəkilir. Əshabi-Kəhf dağın və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer-Əshabi-Kəhf mağarası dağlar arasında yerləşir. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsir. İlin hansı dövründə olursa olsun, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə Əshabi-Kəhfdə iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində qonaq evi, bələdçi otağı və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır.

20 nəfər əcnəbi tələbənin iştirak etdiyi ekskursiya Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Ekskursiya müddətində gəncləri maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.12.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020