10 fevral 2021-ci il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək oyunun keçirilməsində məqsədin kursantların intellektual fəaliyyətə cəlb edilməsi, onların dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və intellektual oyunların kütləviliyinin təmin edilməsi olduğunu bildirmiş, iştirakçılara uğurlar arzulamışdır. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyunda ən çox xal nominalı toplayan “Qarabağ” komandası qalib adını qazanaraq kubokun sahibi olmuşdur. Oyunda “Mübariz” komandası II yerə, “Cəbrayıl” və “Polad” komandaları isə III yerə çıxmışlar. Qalib komandalara təşkilatçılar tərəfindən diplom, fəxri fərman, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur.
20 nəfər kursantın iştirak etdiyi “Xəmsə” Milli İntellektual Oyunu Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.