Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan şəhər birinciliyi keçirilib

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atletika Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında əyləncəli idman oyunları üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Oyunları keçirməkdə məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, onlar arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsindən ibarət olub.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən oyunlarda 6 komanda iştirak edib və komandaların tərkibi 5 idmançıdan, bir idman müəllimindən ibarət olub. Qaydalara əsasən məktəblilər əyləncəli idman oyunları olan “Tops-1”, “Meqa” və “Cəngavərlər döyüşü” mərhələlərində mübarizə aparıblar.

Oyunların yekun nəticəsinə əsasən daha çox bal toplayan Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Polad” komandası qalib adını qazanıb. 16 nömrəli tam orta məktəbin “Zirvə” komandası ikinci, Heydər Əliyev adına tam orta məktəbin “Qələbə” komandası isə üçüncü olub.

Mükafatlandırma mərasimindən öncə çıxış edən Təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda idmanın inkişaf sahəsində mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində 200-dən çox müasirtipli məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu məktəblərdə müasir tələblərə cavab verən idman zalları və açıq idman qurğuları yaradılıb. Muxtar respublikada idmanın kütləviliyinin artırılması, bu sahə üzrə istedadlı uşaqların aşkar olunması və onların qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, artıq diyarımızda bədən tərbiyəsi və idmanla məşğul olmaq gündəlik həyat tərzinə çevrilib. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində bu gün Naxçıvanda idman ən yüksək səviyyədə inkişaf etməkdədir. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”nda bu sahənin inkişafı ilə bağlı qarşısına konkret məqsədlər qoyulub. Gənclər və İdman Nazirliyi aidiyyəti qurumlarla birgə əhalidə sağlam həyat tərzinin formalaşdırılması, istedadlı idmançıların üzə çıxarılması, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması məqsədilə bir çox ənənəvi və yeni idman tədbirləri həyata keçirir.

Çıxış edənlər qalib komandaları və idmançıları təbrik edib, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, əyləncəli idman oyunları mərhələli formada muxtar respublikanın şəhər və rayonlarında mövcud olan müvafiq idman stadionlarında keçiriləcəkdir.


Ceyhun MƏMMƏDOV
11.09.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020