Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















“Gənclik Mərkəzi”ndə tədbir keçirilmişdir

      Bu gün “Gənclik Mərkəzi”ndə gənclər arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

İntellektual oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Yarışlar başlamazdan əvvəl gənclər və idman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, Nazirlik tərəfindən gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyat keçirilən tədbirlər, intellektual oyunlar haqqında məlumat vermişdir. Nazir qeyd etmişdir ki, bu tipli tədbirlərin keçirilməsinin nəticəsidir ki, artıq muxtar respublikada intellektual gənclər ordusu yetişmişdir. Bu gün keçirilən oyunda iştirak edən komandaların sayı bunu bir daha sübut edir. Nazir gəncləri bütün dövlət orqanları tərəfindən keçirilən tədbirlərdə fəal olmağa çağırmış və komandalara uğurlar arzulamışdır.

“Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyun 10 mərhələ, 3 yarımfinal və final mərhələsindən ibarət olmuşdur. Yarımfinal mərhələlərində ən yüksək xal yığaraq birinci və ikinci yerə çıxmış komandalar finala vəsiqə qazanmışlar. Belə ki, “Aran”, “Turan”, “Diplomat” və “Qisas” komandaları finalda mübarizə aparmışlar. Sonda “Diplomat” komandası I yerə, “Turan" komandası II yerə, “Qisas” komandası isə III yerə çıxmışdır. Qalib gələn komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərmanlar təqdim olunmuşdur. İntellektual oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Oyunda muxtar respublikanın rayon və şəhərlərindən olan gənclər, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər olmaqla ümumilikdə 42 komandada 210 nəfər gənc iştirak etmişdir. İntellektual oyunda iştirak edən komandalar Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında açılmış linkdən qeydiyyatdan keçərək iştirak etmişlər. Oyunda qalib olan komandalar “Xəmsə” Milli İntellektual Oyununun XI Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəklər.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq 42 komanda ilə intellektual oyun keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.04.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019