Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Bocciaçıların “Heydər Əliyev Kuboku” uğrunda
muxtar respublika turniri

      Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan sağlamlıq imkanları məhdud uşaqlar və məhdud fiziki imkanları şəxslər arasında “Heydər Əliyev Kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Turnirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı iştirakçıları salamlayaraq bildirib ki, müasir idman tariximizin, uğur və nailiyyətlərimizin əsası ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı dövrə təsadüf edir. Məhz, dahi şəxsiyyətin hakimiyyəti illərində idmançılarımızın beynəlxalq miqyasli idman yarışlarına hazırlığı və iştirakı təmin edilib. Muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görüldüyünü, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkilinin diqqət mərkəzində saxlanıldığını deyən nazir əlavə edib ki, burada müasir idman obyektləri, o cümlədən olimpiya idman kompleksləri, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsi təmin olunur.

Naxçıvan Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxışında vurğulayıb ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının bərpası, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan müvafiq kateqoriyadan olan şəxslər arasında idmanın reabilitasiyanın bir növü kimi təbliği, onların aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsinə daim diqqət yetirilir. Görülən işlər nəticəsində muxtar respublikanın idman infrastrukturu daha da təkmilləşdirilib, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb. Qeyd olunub ki, 2006-cı ildə yaradılan federasiyanın hazırda 16 bölməsi fəaliyyət göstərir. Bu bölmələrin imkanlarından isə təqribən 300-ə yaxın paralimpiyaçı istifadə edir. Federasiyanın fəaliyyət dairəsi daha da genişləndirilir, yeni sağlamlıq imkanları məhdud uşaqların müvafiq idman qruplarına cəlbi davam etdirilir.

Tədbirdə çıxış edən Azərbaycan Boccia İdman Federasiyasının baş katibi, boccia üzrə milli komandanın baş məşqçisi İlham Məhərrəmov muxtar respublikaya növbəti səfərindən məmnunluğunu bildirib. O, qeyd edib ki, burada paralimpiya idman növlərinə, o cümlədən boccia idman növünə maraq günü-gündən artmaqdadır. Sevindiricidir ki, milli komandamızın heyətinə dəvət olunanlar arasında Naxçıvan paralimpiyaçıları da var və onlar beynəlxalq arenada ölkəmizi təmsil etmək imkanı əldə edirlər.

Çıxış edənlər idmanın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.

Çıxışlardan sonra ən aşağı yaş qrupu üzrə final görüşü keçirilib. Ardınca sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” Musiqi qrupunun, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs qrupu üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsinin iştirakçılarının da dəvət olunduğu turnirin yekun nəticəsinə əsasən, 9-13 yaş qrupunda Mikayıl İsmayıllı, 13-17 yaş qrupunda Cəlal Mürsəlli, məhdud fiziki imkanlı şəxslər arasında isə İlqar Yunisov qalib adını qazanıb.

Sonda ilk üçlükdəki paralimpiyaçılar mükafatlandırılıblar. Eyni zamanda, Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov Naxçıvan Paralimpiya Federasiyasının fəaliyyətinə göstərdiyi dəstəyə görə təltif olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022