Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şahmat üzrə "Naxçıvan Premium Turniri"nin
növbəti mövsümü başlayıb

      Muxtar respublikanın ən güclü şahmatçılarının iştirakı ilə keçirilən turnir Naxçıvan şəhərindəki Gənclik Mərkəzində start götürüb. Turnirin əsas mərhələsində 2021-ci ilin dekabrında keçirilən seçmə mərhələ yarışını adlayan şahmatçılar və ötən mövsümün ilk üçlüyü - Qrossmeyster Urfan Sevdimalıyev, Beynəlxalq ustalar Pərviz Qasımov və Toğrul Həsənzadə qələbə uğrunda mübarizə aparırlar.

Turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Naxçıvan Şahmat Federasiyasının sədr müavini, beynəlxalq hakim Emin Hacıyev yarışın əhəmiyyəti barədə danışıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra mübarizəyə start verilib.

İlk turda keçirilən görüşlərdən ikisində bərabərlik qeydə alınıb, digərləri isə rəqiblərdən birinin qalibiyyəti ilə tamamlanıb. Turnirin ötənilki qalibi qrossmeyster Urfan Sevdimalıyevlə beynəlxalq usta Toğrul Həsənzadə və “FIDE usta”ları Pərviz Qasımovla Nəsrin Babayeva arasında keçirilən oyunlar bərabərliklə nəticələnib. Beynəlxalq usta Talıb Babayev Nazlı Hümbətovanı, FIDE ustası Sadiq Məmmədov isə Rza Həsənlini məğlub edib. Digər görüşlərdə Sadiq Qarayev İlkin Qəbulovdan, Seyid Hüseyn isə Ayxan Əliyevdən üstün olmaqla aktivlərinə ilk xalı əlavə etdiriblər.

Yarış dairəvi sistem üzrə 11 turdan ibarətdir. Turnir cədvəlində xallar bərabər olduğu təqdirdə, "Berqer əmsalı", şəxsi görüşlərin nəticəsi və qələbələrin sayı əsas götürüləcək. Yekun sıralamadan asılı olaraq iştirakçıların hər birinə pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, iştirakçılar Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə "Təbriz" mehmanxanasında məskunlaşıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021