Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Axtar tap" İntellektual Oyununda qaliblər müəyyənləşib

      Gənclərin iştirakı ilə keçirilən intellekt yarışması Naxçıvan şəhərindəki Sahil parkında reallaşıb.

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin sosial şəbəkə hesablarında yerləşdirdiyi qeydiyyat bölməsi vasitəsilə 50-ə yaxın gənc oyunda iştirak etmək hüququ qazanıb. İştirakçılar komanda şəklində mübarizə aparıblar. Yarışmaya start verilməzdən öncə Nazirliyin əməkdaşı Valeh Mahmudov bildirib ki, muxtar respublikada gənc nəslin nümayəndələri arasında bilik və elmin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tədbiq olunur. Bu baxımdan “Axtar tap” gənclərin intellektual səviyyəsi, dünyagörüşü və zehni inkişafının stimullaşdırılması baxımından əhəmiyyətli layihələrdən birinə çevrilib. Oyunun qaydaları haqqında məlumat verildikdən sonra mübarizəyə start verilib. Reqlamentə uyğun olaraq oyun 7 raunddan ibarət olub. Raundların hər birində komandalara ümumi sual ünvanlanıb və doğru cavaba uyğun şəkildə tapşırıqlar icra olunub. İştirakçılar eyni anda mübarizəyə başlayıb. Raundlar üzrə ardıcıl və müvəffəqiyyətlə irəliləyən, qarşıya qoyulan vəzifəni ən tez icra edən komandalar mükafatçılar sırasına düşüblər. Nəticələrə əsasən, “Yaşma” komandası oyunu qələbə ilə bitirərək “Axtar tap” kubokuna layiq görülüb. “Simurq” və “Dəmir yumruq” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunun mükafatçıları fəxri fərman və oxunması zəruri olan kitablarla təltif ediliblər.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020