Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Naxçıvanı tanıyaq” devizi altında ekskursiya təşkil olunub

      Gənclərin iştirakı ilə “Naxçıvanı tanıyaq” devizi altında ekskursiya təşkil olunub. Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi ekskursiyanın ünvanı Babək rayonu olub. İştirakçılar Babək Rayon Tarix Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin Ev-Muzeyi və Nehrəm İmamzadəsi ilə tanış olublar.

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşları Valeh Mahmudovla Çingiz Ağayev ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu tipli gəzintilərin təşkili diqqətdə saxlanılır. Zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikamıza olan turist marağı ildən-ilə artmaqdadır. Gənclərin üzərinə düşən vəzifə isə böyük çətinliklər hesabına qorunub saxlanılan bu mənəvi dəyərləri öncə öyrənmək, sonra təbliğ etməkdir. Sosial şəbəkələr və digər internet platformalarının geniş əhatə dairəsinə malik olması bu istiqamətdə əsas təbliğat mexanizmə çevrilib. Bu imkanlardan Vətənimiz, xalqımız və dövlətimiz üçün səmərəli şəkildə istifadə etməliyik.

Qeyd edək ki, “Naxçıvanı tanıyaq” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar növbəti aylarda da davam etdiriləcək.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020