Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda çimərlik mövsümünə start verilib

      Naxçıvan şəhərində çimərlik mövsümünə start verilib. Bu münasibətlə açılış mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Naxçıvan şəhərində çimərlik mövsümünün açılışı münasibətilə keçirilən tədbirdə çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıblar. Çıxışlarda bildirilib ki, muxtar respublikamızda bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib, burada futbol və voleybol meydançaları fəaliyyət göstərir.

Sonra yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verilib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışılıb.

Qeyd edək ki, yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət üçün əraziyə 210 ton yeni qum verilib. Təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dezinfeksiya işləri aparılıb, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları suyun təmizliyinə dair nümunə götürüblər.

Çimərlikdə 38 çətir, 4 ədəd duş kabinəsi quraşdırılıb. Burada restoran və digər xidmət sahələri də fəaliyyət göstərir. Müşahidə qülləsi yaradılıb, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 6 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq.

Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik var. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən ­qadağanedici nişanlar qoyulub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020