Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Bayraq mənliyimdir” rəsm müsabiqəsinin qalibləri bəlli olub

      Gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, bacarıqlarının təkmilləşməsi və istedadlarının üzə çıxarılması məqsədilə keçirilən müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər. Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən mükafatlandırma mərasimi ilə müsabiqəyə yekun vurulub.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva və Rəssamlar Birliyinin əməkdaşı Nizami Alıyev müsabiqənin məqsədləri və rəsm nümunələrinin qiymətləndirmə meyarları haqqında danışıblar. Qeyd olunub ki, gənclərlə iş daim diqqətdə saxlanılır və yüksələn xətlə inkişaf etdirilir. Əlverişli yaradıcılıq mühitinin mövcudluğu gənc nəslin müxtəlif sahələrdə öz bilik və bacarıqlarını təkmilləşdirməsi üçün əlavə zəmin yaradır. Davamlı olaraq təşkil olunan foto və rəsm müsabiqələrinin məqsədi də onlara əlavə stimul yaratmaqdır.

Çıxışların ardınca mükafatlandırma olub. İlk üç yer və həvəsləndirici yerlərdə qərarlaşan iştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Nəticələrə gəlincə, münsiflər heyətinin ümumi qərarına əsasən ali təhsil müəssisələrinin tələbələri arasında Gülçin Yusifli (Naxçıvan Dövlət Universiteti) qalib olub. Qara Hüseynovla Fərqanə Seyidova ikinci yerə layiq görülüblər. Səfər Quliyev və Tənzilə İbadova üçüncülüklə kifayətləniblər. Orta ixtisas müəssisələrinin tələbələri arasında isə Ruhanə Bədirli (Naxçıvan Tibb Kolleci) birinci olub. Saleh Şahbazovla Muxtar Həsənov ikinci sırada qərarlaşıblar. Cabbar Əliyev və Durna Əliyevaya məxsus rəsmlər isə üçüncü yerlə qiymətləndirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Rəssamlar Birliyi tərəfindən birgə təşkil olunan müsabiqəyə muxtar respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrindən ümumilikdə 50-ə yaxın tələbə qatılıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021