Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub

      16 fevral 2021-ci il tarixdə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.

Görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, gənclərin Vətən müharibəsi haqqında daha çox məlumat əldə etməsi, gənclərin müharibə iştirakçılarını daha yaxından tanımalarına şəraitin yaradılmasdır. Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva açaraq qeyd edib ki, 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur İkinci Qarabağ Müharibəsində göstərdikləri şücaət və qazandığımız tarixi qələbəmizdir. Bu qələbə Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisi ilə qazanıldı. 30 ilə yaxındır işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları sayəsində azad olundu. Azərbaycan əsgəri 44 günlük bu müharibədə bir zamanlar silahsız və köməksiz mülki əhaliyə divan tutan dırnaqarası “yenilməz erməni ordusu” mifini darmadağın etdi. Xalqımız üçün mədəniyyət və mənəviyyat mərkəzi sayılan Şuşanın azad olunması özlüyündə ordumuzun, əsgərlərimizin qəhrəmanlığının və Vətənə olan bağlılığının ən böyük sübutudur. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, öz sağlamlıqlarını itirən qazilərimizin hər biri ilə fəxr edirik, qürur duyuruq.

Görüş zamanı Əlahiddə Ümumqoşun Ordunun zabitləri, Vətən müharibəsi iştirakçılarından baş leytenant Cavidan Axundzadə, baş gizir Nail Eyvazov, gizir İmran Səfizadə çıxış edərək bildiriblər ki, İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılmış, yeni hərbi hissələr yaradılmış, ən müasir silah və texnika təminatı həyata keçirilmiş, müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və qələbə sevincini yaşayıblar. Həmçinin, döyüşlər barədə öz xatirələrini bölüşüb, Vətənin azadlığı və suverenliyi uğrunda istənilən anda bundan sonra da vuruşmağa hazır olduqlarını bildirmişlər. Daha sonra hərbiçilər gənclərin suallarını cavablandırmışlar.

Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 30 nəfər könüllü gəncin iştirak etdiyi tədbir çay süfrəsi ətrafında müzakirə şəklində davam etmişdir.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.02.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020