Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin Ağbulaq İstirahət Mərkəzinə gəzintisi təşkil olunub

      16 mart 2021-ci il tarixdə gənclərin Ağbulaq İstirahət Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya zamanı Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun şöbə müdirləri İlahə Haqverdiyeva və Arzu Qasımov çıxış edərək bildirmişlər ki, gənclərin mütəmadi olaraq muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, muzeylərə, tarixi yerlərə ekskursiyaları təşkil edilir. Bu da muxtar respublikanın turizm potensialının təbliği ilə yanaşı, gənclərin tarixi keçmişimizi öyrənməsi işində də böyük əhəmiyyət kəsb edir. Bugünkü ekskursiyanın təşkil olunmasında da məqsəd Ağbulaq Xizək Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqlara əsasən gənclərin xizəkçilik idman növünə cəlbi, bu idman növünə olan marağın artırılması, xizəksürmə idman növünün inkişaf etdirilməsi, gənclərin Ağbulaq İstirahət Mərkəzi ilə daha yaxından tanış olması, onlar arasında qış turizminin təbliği və asudə vaxtlarının səmərəli keçirilməsidir. Ağbulaq İstirahət Mərkəzi malik olduğu zəruri infrastruktura görə ilin hər fəslində burada asudə vaxt keçirmək istəyənlər üçün gözəl şərait vəd edir. Həmçinin, İstirahət Mərkəzinin ərazisində yerləşən Xizək Mərkəzi də qış turizminin, vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunmasına, onların istirahətinin təmin edilməsinə zəmin yaradır. Xizəkçilik Mərkəzinin direktoru Fərid Seyidov mərkəz haqqında gənclərə məlumat verərək onlara xoş istirahət arzulamışdır. Daha sonra mərkəzin ixtisaslı müəllimləri tərəfindən xizəksürmə idman növü üzrə gənclər üçün maraqlı və yadda qalan təlim keçirilmişdir. Həmçinin gənclər kanat yolu vasitəsilə Şahbuz rayonunun əsrarəngiz gözəlliyini səmadan izləmə şansı əldə etmişdir. Ekskursiyanın sonunda gənclər üçün çay süfrəsi təşkil olunmuşdur. Çay süfrəsi ətrafında toplaşan gənclər labirint oyunu ilə bu günkü istirahət günlərini daha da maraqlı və əyləncəli keçirtmişlər.

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş ekskursiyada 30-a yaxın gənc iştirak etmişdir.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.03.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020