Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kikboksinq üzrə muxtar respublika turniri
Milli Qəhrəmanımızın xatirəsinə həsr olunub

      İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan uşaqlar arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Gənclər və idman Nazirliyi ilə Kikboksinq Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 150-dən çox idmançı qatılıb. Turnirin qalibləri 7-8, 9-10 və 11-12 yaş kateqoriyalarında müxtəlif çəki dərəcələri üzrə müəyyənləşib. Komanda hesabında "Turan" döyüş klubu birinci olub. "Kəngərli" ikinci sırada, "Naxçıvan", "Şərur", "Culfa" və "Odlar Yurdu" komandaları isə növbəti yerlərdə qərarlaşıblar.

Mükafatlandırma mərasimində öncə Yusif Mirzəyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiya sədri Xəyal Abdullayev maraqlı mübarizəyə, ədalətli idarəçiliyə görə məşqçi, idmançı və hakim heyətinə təşəkkürünü bildirib, qəhrəman şəhidimizin Vətən sevgisi, cəsur iradəsi gənc nəslə, hər birimizə örnək olduğunu qeyd edib. Azərbaycanın xoşbəxt gələcəyi üçün uşaq və gənclərin sağlamlığının təmin olunması başlıca vəzifələrdəndir. Federasiyamız da işini bu istiqamətdə qurur, gənclərin vətənpərvərlik tərbiyəsinə xidmət edən tədbirlər icra edir, idman yarışları keçirir.

Nazirliyin şöbə müdiri Taleh İbrahimov bildirib ki, yarış I Qarabağ müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərən şəhidimizin əziz xatirəsini yad etmək, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirmək, kikboksinq idman növündə kütləviliyə nail olmaq və bu sahədə fəaliyyət göstərən bölmələrin və klubların işini təkmilləşdirmək məqsədi ilə təşkil olunub. Bu kimi idman yarışları həm də yeniyetmə və gənclərin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edir.

İlk üçlükdə qərarlaşan idmançılar diplom və medallarla təltif olunublar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.07.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021