Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şən və hazırcavablar klubları arasında müsabiqə keçirilib

      10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində təşkil olunan ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində reallaşıb.

Tədbirin aparıcısı tərəfindən Beynəlxalq Tələbə Gənclər Həftəsinin tarixi və muxtar respublikada uğurla icra olunan dövlət gənclər siyasətindən bəhs olunub. Müsabiqənin məqsəd və vəzifələri, o cümlədən qaydalar haqqında məlumat verildikdən sonra səhnə iştirakçıların ixtiyarına verilib.

Hər təhsil müəssisəsindən bir komanda olmaqla ümumilikdə 6 kollektiv səhnə bacarıqlarını nümayiş etdirib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyətindən Xalq artisti Şirzad Abutalıbov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev və rejissor Həcərxanım Məmmədovanın münsifliyi ilə ümumi qiymətləndirmə aparılıb və buna əsasən mükafatçıların adları bəlli olub.

Nəticələrə gəlincə, Naxçıvan Dövlət Universitetinin komandası qalib olub. Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Müəllimlər İnstitutunun təmsilçiləri müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə Gənclər Həftəsi çərçivəsində nəzərdə tutulan müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri, müsabiqə və ekskursiyalar yekunlaşmaq üzrədir. Noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi bu mənada sonuncu olacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021