Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin tarixi abidələrə ekskursiyası təşkil olunub

      “Naxçıvanı tanıyaq” devizi ilə gerçəkləşən növbəti ekskursiya Culfa rayonuna olub. Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi ekskursiya çərçivəsində gənclər "Əlincəqala" Tarix-Memarlıq Muzey Kompleksi və Gülüstan Türbəsində olublar.

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşları Valeh Mahmudovla Çingiz Ağayev ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu tipli gəzintilərin təşkili diqqətdə saxlanılır. Zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikamıza olan turist marağı ildən-ilə artmaqdadır. Gənclərin üzərinə düşən vəzifə isə böyük çətinliklər hesabına qorunub saxlanılan bu mənəvi dəyərləri öncə öyrənmək, sonra təbliğ etməkdir.

Ekskursiyada gənclər tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıblar. İştirakçılar sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.

Qeyd edək ki, “Naxçıvanı tanıyaq” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar növbəti aylarda da davam etdiriləcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020