Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Məktəblilərin futzal birinciliyində qalib və mükafatçılar bəlli olub

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin futbol klubları arasında keçirilən fuztal üzrə muxtar respublika birinciliyində bu gün həlledici qarşılaşmalar oynanılıb. Şəhər və rayonlardan ümumilikdə 9 komandanın qatıldığı yarışın final oyununda “Culfa”dan 6:0 hesabı ilə üstün olan “Naxçıvan” birinciliyin qalibi olub. Culfa məktəbliləri ikinciliklə kifayətləniblər. “Ordubad” isə yarışı üçüncü sırada tamamlayıb.

Birincliyin bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı və təhsil naziri Rəhman Məmmədov muxtar respublikada idmana göstərilən dövlət qayğısından bəhs edib, ümumtəhsil məktəblərində yaradılan idman klubları üçün yaradılan şərait barədə danışıblar. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması istiqamətində məqsədyönlü işlər görülür. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində kadr potensialı və mövcud şərait nəzərə alınmaqla 185 idman klubu yaradılıb və lazımi avadanlıqlarla təchiz olunub. Ramil Hacı və Rəhman Məmmədov çıxışlarının sonunda idmançıları təbrik edərək, onlara yeni uğurlar arzulayıblar.

Sonra komandaların mükafatlandırılması olub. İdmançılar kubok, diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, uşaq futbolunun inkişafı, məktəblilərin fiziki hazırlığı və idman vərdişlərinin artırılması, respublika səviyyəli yarışlarda iştirak edə biləcək güclü yığma komanda formalaşdırılması məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
17.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021